Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 29-da Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.
AZƏRTAC-ın xəbərinə görə, İ.Əliyev deyib ki, iki qardaş ölkə arasında siyasi dialoq həmişə fəal olub və indi də fəaldır: "Biz xarici siyasətlə bağlı məsələlərdə sıx əməkdaşlıq edirik, xüsusilə indi yeni çağırış və imkanlar olan regionumuzda".
Dövlət başçısının deməsinə görə, Azərbaycan və Gürcüstan arasında iqtisadi inkişaf sahəsində yaxşı irəliləyiş var, ticarət dövriyyəsi artır: "Bu gün hökumətlərarası komissiyanın iclası olacaq. Mən əminəm ki, bu iclasda bir çox mühüm sahələr əhatə olunacaq, görülmüş işlərə nəzər salınacaq və gələcək addımlarımız planlaşdırılacaq".
İ.Qaribaşvili də, öz növbəsində, xatırladıb ki, bu gün, sentyabrın 29-da iqtisadi komissiyanın 8-ci iclası keçiriləcək: "Gürcüstan, sözsüz ki, siyasi, iqtisadi, mədəni və digər sahələrdə ikitərəfli əlaqələrimizin güclənməsində maraqlıdır. Biz, həmçinin regionda sülh və sabitliyin olmasında maraqlıyıq. Bu, güclü iqtisadi inkişafın təməli olacaq".
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili sentyabrın 29-da Azərbaycana gəlib.