Qaribaşvili qanunsuz gəlirlərini leqallaşdırmaqda ittiham olunur

İrakli Qaribaşvili Tbilisi şəhər Məhkəməsində

Gürcüstanın keçmiş baş naziri, hakim "Gürcü Arzusu" partiyasının keçmiş lideri İrakli Qaribaşviliyə ittiham irəli sürülüb. O, xüsusilə böyük məbləğdə qanunsuz gəlirlərin leqallaşdırılmasında ittiham olunur. Bu barədə "Exo Kavkaza" Gürcüstan Baş Prokurorluğuna istinadla məlumat yayıb.

İstintaqın bildirdiyinə görə, Qaribaşvili 2019-2024-cü illərdə müdafiə naziri və baş nazir vəzifələrində olanda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və əmək haqqından başqa gəlir əldə etmək hüququ olmayıb, "Korrupsiyaya qarşı mübarizə haqqında" qanun bunu yasaqlayır. Ancaq o, dövlət qulluğunda ola-ola gizli şəkildə biznes fəaliyyəti ilə məşğul olub və xüsusilə böyük məbləğdə qanunsuz gəlir əldə edib.

Prokurorluq bildirir ki, Qaribaşvili gəlirlərini leqallaşdırmaq məqsədilə gəlir bəyannamələrində yanlış məlumat göstərib, guya hər il ailə üzvündən böyük məbləğdə pul hədiyyəsi aldığını bəyan edib. Beləliklə, o, şəxsi biznesindən əldə etdiyi 830 min lari (301 min dollar) gəliri qanuniləşdirməyə çalışıb.

Bundan başqa, istintaqın versiyasına görə, Qaribaşvili 2023-2024-cü illərdə ona yaxın şəxsin adına ümumi dəyəri 463 min 630 lari (168 min dollar) olan iki avtomobil alıb, daşınmaz əmlak şirkətində 100 faizlik payı ailə üzvü vasitəsilə 210 min lari (76 min dollar) qarşılığında əldə edib. Ailə üzvünün adına qeydiyyatdan keçmiş şirkət vasitəsilə 3 milyon 670 min 172 lari (1.3 milyon dollar) investisiya qoyulub. Bu vəsaitlərin böyük hissəsi mənşəyini gizlətmək üçün xarici valyutaya çevrilib, prokurorluğun press-relizində deyilir.

2025-ci il oktyabrın 17-də Qaribaşvilinin mənzilində axtarış zamanı 6.5 milyon dollar nağd pul aşkarlandığı bildirilir. Keçmiş baş nazirin öz günahını tam etiraf etdiyi qeyd olunur. Prokurorluq onun üçün 1 milyon lari (363 min dollar) girov təyin olunmasını, pasportunun müsadirəsini, ölkədən çıxışına qadağa qoyulmasını tələb edir. Yəni, keçmiş baş nazirin həbsi tələb olunmur.

Qaribaşvili 2012-ci ildə milyarder Bidzina İvanişvilinin yaratdığı "Gürcü Arzusu" hərəkatının ilk üzvlərindən olub. Həmin il o, partiyanın parlament seçkilərinə hazırlıq işlərinə rəhbərlik edib və partiya 85 mandat qazanıb. O, 2013–2015 və 2021–2024-cü illərdə baş nazir vəzifəsində olub. 2024-cü ilin yanvarında "Gürcü Arzusu"nun sədri seçilib, apreldə istefa verib.

Qaribaşvili fəaliyyətini özəl sektorda davam etdirəcəyini bildirib, "Gürcü Arzusu"na müxalif siyasətə qayıtmaq niyyətində deyil. Oktyabrda hüquq-mühafizə orqanları həm onun, həm də Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Qriqol Liluaşvili və sabiq baş prokuror Otar Partsxaladzenin evlərində axtarış aparıb.