Azərbaycan tarixində adı "Qarakənd faciəsi" kimi xatırlanan olaydan 34 il keçir.
1991-ci il noyabrın 20-də Azərbaycanın Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında rəsmi şəxslərinin olduğu helikopter qəzaya uğrayıb. Azərbaycanın rəsmi versiyasına görə, helikopterə ərazidə olan Ermənistan silahlı qüvvələri atəş açıb.
Nəticədə içəridəki 22 nəfərin hamısı həlak olub. Onların arasında Azərbaycanın daxili işlər naziri Məhəmməd Əsədov, baş prokuror İsmət Qayıbov, dövlət katibi Tofiq İsmayılov, onun köməkçisi Rafiq Məmmədov, SSRİ Ali Sovetinin deputatları Vəli Məmmədov, Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri Osman Mirzəyev, Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Cəfərov, jurnalist Alı Mustafayev, operator Fəxrəddin Şahbazov, işıqçı Arif Hüseynzadə, bundan başqa Rusiya və Qazaxıstan hərbi müşahidəçiləri də olub.
İlkin rəsmi məlumatlarda helikopterin dumana düşərək qayaya çırpılması ehtimalı irəli sürülsə də, sonradan onun vurulduğu açıqlanıb. Amma Ermənistanın rəsmi qurumları və Qarabağda ovaxtkı separatçı qurumun təmsilçiləri Azərbaycanın versiyasını təsdiqləməyiblər.
Faktla bağlı hadisənin ertəsi günü Hərbi Qarnizon Prokurorluğu cinayət işi açıb və istintaqın davam etdirilməsi üçün Respublika Prokurorluğuna verilib. Sonradan cinayət işi üzrə istintaq dayandırılıb. Səbəb hadisənin baş verdiyi ərazinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunduğu qeyd edilib. Cinayəti törədən şəxsləri müəyyənləşdirmək mümkün olmayıb.
Həmin hadisə ilə bağlı bugünədək müxtəlif versiyalar səsləndirilir.
1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Tədricən Azərbaycanın Qarabağ bölgəsi və ətrafındakı 7 rayon işğal edilmişdi.
2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində isə Bakı bütün ərazilərində suverenliyini bərpa edib.
Bundan sonra bölgədəki erməni əhali Ermənistana köç edib. Ermənistan baş verənləri "etnik təmizlənmə", Azərbaycan "antiterror tədbirləri" adlandırıb.
Son illər iki ölkə arasında müxtəlif formatlarda sülh danışıqları aparılıb. Nəhayət, bu il avqustun 8-də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Vaşinqtonda sülh sazişini paraflayıblar. Sənəddə tərəflər bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanıyır, həmçinin qarşılıqlı iddiaların geri götürülməsini zəruri sayırdılar.