Körpü qəzalı vəziyyətə düşüb, 50 min sakinin gediş-gəlişi çətinləşib

Qaraçay üzərində körpü

Son günlər Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 7-ci kilometrində Qaraçay çayı üzərində inşa edilmiş dördaşırımlı körpünün qəzalı vəziyyətə düşməsi nəticəsində bu rayonun bir çox kəndlərinə gediş-gəliş çətinləşib.

Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, əlavə təhlükəsizlik tədbirləri görülüb və körpü ilə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb: "Sürücülər müvəqqəti olaraq alternativ yol kimi Quba-Pirvahid-İkinci Nügədi avtomobil yolundan istifadə edə bilərlər".

Agentlik körpünün qəzalı vəziyyətə düşməsini son günlər intensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları ilə izah edib.

Quba rayon Fövqəladə Hallar Komissiyasından da bildirilib ki, hadisə nəticəsində Quba rayonunun 60-dan çox kəndinə aparan əsas yol bağlanıb: "Bu istiqamətdə olan kəndlərdə 51 mindən çox əhali yaşayır".

Qaraçay üzərində həmin körpü 1959-cu ildə inşa edilib və 101 metr uzunluğundadır.

Son həftələr Azərbaycanda yağıntılar istər Bakıda, istərsə də bölgələrdə bir sıra fəsadlar törədib. Sel sularında dörd nəfərin boğulduğu açıqlanıb.