Qarabağ Enerji Strategiyası hazırlanıb

Elektrik xətləri

İşğaldan azad edilmiş ərazilərdə elektroenergetika infrastrukturunun yaradılmasına başlanılıb və respublika enerjisinə inteqrasiya istiqamətində Qarabağ Enerji Strategiyası hazırlanıb.

AZƏRTAC-ın xəbərinə görə, bunu "Azərenerji" ASC-nin Texniki İstehsalat İdarəsinin şöbə rəisi Muxtar Mahmudov deyib. O bildirib ki, Qarabağ Enerji Strategiyası hər bir rayonda 110 kilovoltluq yarımstansiyaların tikintisini və onların yüksək gərginlik xətləri ilə ölkə sisteminə inteqrasiyasını nəzərdə tutur: "Qarabağda regional mərkəz kimi Ağdam şəhərinin seçildiyini nəzərə alaraq, "Azərenerji" ASC Ağdam rayonunda 110 kilovoltluq iki yarımstansiyanın tikintisinə başlayıb. Gələcəkdə artım tələbatından asılı olaraq yeni yarımstansiyaların tikintisi də mümkündür. Bu yarımstansiyaların elektrik təchizat şəbəkəsinə qoşulması üçün "Xındırıstan" yarımstansiyasından 110 kilovoltluq, 40 kilometr uzunluğunda xətt çəkilir".

Sizin brauzer HTML5-i dəstəkləmir

Ermənistandakı Atom Elektrik Stansiyası qapadıla bilərmi?

"İşğaldan azad olunmuş bütün rayonlarda…"

M.Mahmudovun sözlərinə görə, Qarabağ Enerji Strategiyasına əsasən, işğaldan azad olunmuş bütün rayonlarda bu ilin sonuna kimi yarımstansiyalar fəaliyyət göstərəcək: "Füzulidə ötən ay ölkə başçısının iştirakı ilə yarımstansiya açılıb, daha əvvəl Şuşada 110/35/10 kilovoltluq yarımstansiyanın açılışı həyata keçirilib. Bundan əlavə, "Azərenerji" ASC tərəfindən kiçik su elektrik stansiyalarının bərpası istiqamətində də işlər davam edir. Dövlətimizin başçısının iştirakı ilə istismara verilən ilk infrastruktur layihəsi kimi Laçın rayonu ərazisində "Güləbird" Su Elektrik Stansiyasını misal göstərə bilərik... Hazırda Cəbrayıl, Zəngilan, Qubadlı və Kəlbəcərdə yeni yarımstansiyaların tikintisi davam edir. Kəlbəcərə Daşkəsəndən yeni 110 kilovoltluq xətt çəkilir".

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb.

Həmin il 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.