Müharibə iştirakçıları təltif ediliblər

İ.Əliyev

Prezident İlham Əliyev bu gün, fevralın 10-da Vətən müharibəsi (İkinci Qarabağ müharibəsi) iştirakçılarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək həmin müharibədə iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif edilir. Təltif edilənlər siyahısına habelə, ön cəbhədə fədakarlıq göstərən icra hakimiyyəti orqanlarının, Azərbaycan Prezidentinin yaratdığı publik hüquqi şəxslərin və dövlətə məxsus digər hüquqi şəxslərin əməkdaşları da daxil edilir.

Xatırlatma

2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində (Azərbaycanın Laçın rayonu Ermənistanla sərhəddə yerləşir) və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə başlayıb. Sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.