Qarabağa gedən Rusiya vətəndaşına 11 il həbs tələb edilib

Eduard Dubakov

Bununla razılaşmayan Eduard Dudakov Azərbaycanın xüsusi xidmət orqanları ilə əməkdaşlığına diqqət çəkib

Bakıda mühakimə olunan Rusiya vətəndaşı Eduard Dubakova 11 il həbs cəzası verilməsi istənib. İyulun 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror bu təkliflə çıxış edib.

Prokuror deyib ki, E. Dubakovun Dağlıq Qarabağa Azərbaycan tərəfinin razılığı olmadan səfəri, Kəlbəcərdə hərbi təlimlərə qatılması, terror məqsədilə Bakıya gəlməsi haqda ittihamda yazılanlar məhkəmədə sübuta yetirilib.

Təqsirləndirilən şəxsin vəkili müdafiə nitqində müvəkkilinin Azərbaycan hərbçilərinə qarşı döyüşlərə qatılmadığını vurğulayıb.

Buna da bax: Terror planlaşdırmaqda ittiham edilən rusiyalı məhkəmədə danışdı

Son sözə vaxt verilib

Məhkəmədə son sözünə hazırlaşmaqdan ötrü Dubakova 1 həftə vaxt verilib. Bunun ardınca onun haqqında hökm açıqlanacaq.

Dubakov ittihamları qəbul etmir. O, ifadəsində deyib ki, Qarabağa getsə də, ermənilərdən tapşırıq alıb terror niyyətilə Bakıya gəlməsi barədə ittihamlar əsassızdır.

Rusiya vətəndaşı iddia edir ki, 3 il öncə Minskdə Azərbaycan xüsusi xidmət orqanları ilə əməkdaşlığa razılaşıb. Bu ilin yanvarında əməkdaşlığa görə mükafatını və növbəti tapşırıqları almaqdan ötrü Bakıya gəldiyini söyləyən Dubakov burada gözləmədiyi halda həbs edildiyinə diqqət çəkib.

Eduard Dubakova CM-in 214 (terrorçuluq), 218 (cinayətkar birliyin tərkibində iştirak) və 318-ci (Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə) maddələrilə ittiham verilib.