ANAMA əməkdaşı Ağdamda minaya düşüb

Sizin brauzer HTML5-i dəstəkləmir

Ermənistanla Azərbaycan mina məsələsində əməkdaşlıq edə bilərlər?

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Ağdam rayonu ərazisində minaya düşüb.

Baş Prokurorluqdan bildirilib ki, avqustun 6-da saat 09 radələrində Ağdam rayonunun Baş Qərvənd kəndinə ezam olunan ANAMA əməkdaşı, 1990-cı il təvəllüdlü Fərid Əliyev piyada əleyhinə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Azərbaycanın rəsmi qurumlarının bildirməsinə görə, 10 noyabr sazişindən sonra ölkənin 25 civarında vətəndaşı minaya düşərək həlak olublar, 100-dən çoxu isə müxtəlif xəsarət alıb. Onlar son vaxtlara qədər habelə qeyd edirdilər ki, Ermənistan işğaldan azad olunan ərazilərdə minaların xəritəsini vermir. Amma son aylar Azərbaycanda saxlanılan Ermənistan hərbçilərindən bəzilərinin geri təhvil verilməsi əvəzi Ağdam, Füzuli və Zəngilan rayonlarında minalanmış ərazilərin xəritələrinin alındığı deyilir.

Xatırlatma

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.