Çempionlar Liqası qrupunun bir addımlığında 'Kopenhagen' səddi

«Qarabağ»-«Sent Entyen» oyunu

Futbol üzrə Azərbaycan çempionu «Qarabağ» klubu Çempionlar Liqasının pley-off mərhələsində Danimarkanın «Kopenhagen» klubu ilə qarşılaşacaq.

Bu, avqustun 4-də İsveçrədə futbol üzrə Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasimində bəlli olub.

Pley-off mərhələsində ümumilikdə 20 komanda mübarizə aparacaq. Onlardan 10-u Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə əldə edəcək.

«Qarabağ» Azərbaycan tarixində birinci dəfədir ki, Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib. «Qarabağ» «Kopenhagen»lə ilk oyununu evdə keçirəcək.

QURBAN QURBANOV: «İSTƏNİLƏN HALDA ŞANSIMIZ VAR»

«Qarabağ» klubunun baş məşqçisi Qurban Qurbanov püşkün nəticələri ilə bağlı danışarkən kifayət qədər güclü rəqiblə qarşılaşdıqlarını bildirib. O deyib ki, bununla belə, qrup mərhələsinə yüksəlməyə şansları var.

«Rəqibimizin gücü bəllidir. İstənilən halda şansımız var və şansımızdan istifadə etməyə çalışacağıq», - baş məşqçi deyib.

«Qarabağ» bundan əvvəl də «Kopenhagen»lə qarşılaşıb. 1998-99-cı ildə iki klub Kuboklar Kubokunda üz-üzə gəliblər. Həmin qarşılaşmalarda «Qarabağ» 0:6, 0:4 hesabı ilə ağır məğlubiyyətlər alıb.

«Qarabağ» klubu Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməkdən ötrü Moldova çempionu «Şerif»i və Gürcüstan təmsilçisi «Samtredia»nı yarışlardan kənarlaşdırıb.