Baş prokuror: '...76 cinayət işi başlanılıb'

K.Əliyev

İkinci Qarabağ müharibəsində Azərbaycan tərəfdə daha bir itkinin meyitinin aşkarlandığı ehtimal edilir.

Bu barədə oktyabrın 1-də Baş prokuror Kamran Əliyev danışıb: "Döyüşlərin getdiyi ərazilərdə son günlər daha bir meyit tapılıb, hazırda identifikasiyası üzrə işlər davam etdirilir".

O sonra da əlavə edib: "Çox güman ki, itkinlərin sayı altıya düşəcək. Bununla bağlı aidiyyəti qurumlarla əməkdaşlığımız davam edir".

Baş prokuror həmçinin qeyd edib ki, Birinci Qarabağ müharibəsində itkin düşən şəxslərin sayı 4 minə yaxındır.

Azərbaycanın rəsmi qurumlarının açıqlamasına görə, İkinci Qarabağ müharibəsində 3 min civarında şəxs həlak olub. Onlardan 2 min 900-dən çoxunun hərbi qulluqçu olduğu bildirilir. Birinci Qarabağ müharibəsində isə həlak olanların sayı 16 min civarında açıqlanıb.

Sizin brauzer HTML5-i dəstəkləmir

Azərbaycan da Ermənistanı məhkəməyə verir

"Vətən Müharibəsində (İkinci Qarabağ müharibəsi) azərbaycanlılara qarşı törədilən cinayətlərlə bağlı Baş Prokurorluqda 76 cinayət işi başlanılıb", - Baş prokuror habelə qeyd edib.

O bildirib ki, onlardan 39-u mülki əhaliyə qarşı törədilmiş cinayətlərlə bağlıdır: "Bu istiqamətdə işlərimiz beynəlxalq müstəvidə davam etdirilir".

O, beynəlxalq axtarışa verilənlərin sayının isə 24 olduğunu açıqlayıb.

Xatırlatma

2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.