Azərbaycan və Ermənistan itkin düşmüş şəxslərin taleyini aydınlaşdırmaq istəyir

Hərbi dəbilqə

Azərbaycanın və Ermənistanın itkin düşmüş şəxslər üzrə dövlət komissiyalarının nümayəndələri arasında növbəti görüş keçirilib.

Azərbaycanın rəsmi dövlət agentliyi olan AZƏRTAC-ın iyunun 4-də yaydığı məlumata görə, görüş çərçivəsində tərəflər münaqişə zamanı itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması ilə bağlı humanitar məsələləri müzakirə ediblər.

Görüşdə məlumat mübadiləsi imkanları, axtarış tədbirlərinin əlaqələndirilməsi məsələləri nəzərdən keçirilib.

Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlar üzrə Dövlət Komissiyasının məlumatına görə, Birinci Qarabağ müharibəsində onlardan 3 min 984 şəxs itkin düşüb. Həmin şəxslərdən 1 min 702-i azad edilib. Komissiya İkinci Qarabağ müharibəsində isə itkinlərin sayını cəmi altı açıqlayıb.

Ermənistan Nazirlər Kabinetinin hesabatına görə isə, Birinci Qarabağ müharibəsi nəticəsində onlardan 777 nəfər itkin düşüb. Rəsmi Yerevanin vurğulamasına görə, 2020-ci ildə yenidən münaqişə gərginləşəndən sonra itkin düşənlərdən 215 Ermənistan və Qarabağdan olan erməni əsilli şəxsin taleyi naməlum olaraq qalır.

Xatırlatma

Ötən əsrin 80-ci illərində kəskinləşən Qarabağ münaqişəsi üzündən Azərbaycan və Ermənistan arasında silahlı toqquşmalar baş verib. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatla Azərbaycan bütün ərazisində suverenliyini bərpa edib. Ondan sonra bölgədən erməni əhali köç edib. Yerevan bunu "etnik təmizlənmə" kimi dəyərləndirib, amma rəsmi Bakı bunu qəbul etməyib. Son illər iki ölkə arasında müxtəlif formatlarda sülh danışıqları aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb.