Bir il əvvəl İkinci Qarabağ müharibəsi zamanı itkin düşmüş sayılan Azərbaycan hərbi qulluqçularından birinin cəsədinin tapıldığı bildirilir. Onun zabit İxtiyar Əliyev olduğunun müəyyən edildiyi vurğulanır.
Azərbaycan Baş Prokurorluğundan verilən məlumata görə, mərhumun cənazəsi bu gün, oktyabrın 14 -də ailə üzvlərinə təhvil verilməlidir.
Beləliklə, 2020-ci ilin payızında 44 günlük müharibədə itkin düşmüş sayılan Azərbaycan hərbçilərinin sayı 6-ya enib. O döyüşlər nəticəsində hərbi qulluqçuların ölüm sayı isə 2 min 908-ə yüksəlib.
İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəsə qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.