Azərbaycan Müdafiə Nazirliyi (AMN) bu gün, martın 7-də mövqelərinin atəşə tutulduğunu açıqlayıb: "Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri ordumuzun Goranboy, Tərtər, Ağdam və Xocalı rayonları istiqamətlərində mövqelərini sutka ərzində müxtəlif çaplı atıcı silahlardan 23 dəfə atəşə tutub".
Vurğulandığına görə, bundan başqa, Ermənistan silahlı qüvvələrinin bölmələri mövqelərindən Azərbaycan ordusunun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində mövqelərini atəşə tutub: "Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb. Azərbaycan Ordusunun sıralarında şəxsi heyət və texnika baxımından itki yoxdur. Hazırda bu istiqamətlərdə vəziyyət sabitdir…".
Amma bu açıqlamaya, hələlik, qarşı tərəflərin münasibəti bəlli deyil.
Atəşkəs razılaşması olsa da, ara-sıra istər iki ölkənin sərhədindən, istərsə də Qarabağdan belə məlumatlar gəlir. Atəşkəsin pozulmasına görə də tərəflər, bir qayda olaraq, bir-birlərini günahlandırırlar.
Xatırlatma
Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. Amma 2020-ci ildə, İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.