Qarabağda atəşkəsin pozulduğu deyilir

Azərbaycan əsgəri

Azərbaycan mövqelərinin atəşə tutulduğunu bildirir. Bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb: "Azərbaycan ordusunun Xocalı rayonunun Şuşakənd kəndi istiqamətində mövqeləri fevralın 20-si saat 20:50-də, Xocavənd rayonunun Tağaverd kəndi istiqamətində mövqeləri isə fevralın 21-i saat 01:15-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən heç bir səbəb olmadan atıcı silahlardan atəşə tutulub".

Nazirliyin vurğulamasına görə, Azərbaycan ordusunun bölmələri cavab tədbirləri görməli olub.

Bu məlumata qarşı tərəfin münasibəti, hələlik, bəlli deyil.

Atəşkəs razılaşmasına baxmayaraq, həm Azərbaycan-Ermənistan sərhədindən, həm də Dağlıq Qarabağdan ara-sıra belə xəbərlər gəlməkdədir. Tərəflər, bir qayda olaraq, atəşkəsin pozulmasına görə bir-birlərini günahlandırırlar.

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində (Azərbaycanın Laçın rayonu Ermənistanla sərhəddə yerləşir) və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə başlayıb. Sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.