Türkiyə Rusiyaya, Ukraynanı enerji infrastrukturunu münaqişəyə qatmamağa çağırır, enerji axınlarının kəsilməməsini istəyir. Bunu Türkiyənin energetika naziri Alparslan Bayraktar ölkənin Qara dəniz sahilləri yaxınlığında tankerlərə bir neçə hücumdan sonra deyib.
Rusiya Ukraynanın elektrik şəbəkəsini bombardman etdiyi bir vaxtda Kiyev də Moskvanın neft ixracını hədəfə alır. Ötən həftə Ukrayna Rusiya limanına doğru gedən iki boş tankerə dəniz dronları ilə hücuma görə məsuliyyəti üzərinə götürüb. Amma bu həftə günəbaxan yağı daşıyan, Rusiya bayraqlı tankerin dron hücumu iddiası ilə əlaqəsi olmadığını bildirib.
"Bu dəhşətli müharibənin bitəcəyinə ümid edirik. Amma bu gün bütün tərəflərə, Rusiyaya və Ukraynaya deyirik ki, enerji infrastrukturunu bu müharibəyə qatmasınlar", – Bayraktar jurnalistlərə dekabrın 3-də göndərilmiş açıqlamasında bildirib.
"Enerji axınları kəsilməməlidir", – o deyib. Nazir əlavə edib ki, Xəzər Boru Kəməri Konsorsiumu kimi marşrutlar təhlükəsiz olmalıdır.
Qara dənizdə Rusiyanın daha bir tankerinə hücum olub
Rusiyadan Gürcüstana gedən "Midvolga-2" tankeri Qara dənizdə, Türkiyə sahilindən 129 km məsafədə hücuma məruz qalıb. Bu barədə Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi X sosial şəbəkəsində məlumat yayıb.
Gəmi günəbaxan yağı daşıyır və heyətində 13 nəfər var. Nazirliyin məlumatına görə, heç kim xəsarət almayıb, yardım istəməyib. Hazırda gəminin Türkiyənin şimalındakı Sinop istiqamətinə doğru hərəkət etdiyi açıqlanıb.
"VesselFinder" gəmi izləmə xidməti "Midvolga-2" tankerinin 2014-cü ildə inşa edildiyini, Rusiya bayrağı altında üzdüyünü bildirir. Gəminin sahibi Moskvada qeydiyyatdan keçmiş Orta Volqa Gəmiçilik Şirkətidir. Bu şirkət Ukraynanın sanksiyaları altındadır.
Rusiyanın Dəniz və Dənizçilik Agentliyi "Midvolga-2"yə dronlarla hücum olunduğunu bildirib. TASS-ın məlumatına görə, üst qurğuda kiçik zədələr yaranıb, su sızması yoxdur.
Noyabrın 28-də Qambiya bayrağı altında üzən "Kairos" və "Virat" tankerlərinə hücum edilib. Novorossiyskə gedən "Kairos" gəmisi göyərtədə yanğın siqnalı verib. "Virat" tankerində də yanğın olduğu üzə çıxıb. Rusiya hərbi bloqerləri gəminin arxa hissəsinə beş dəniz dronunun zərbə endirdiyini yazıblar. Türkiyə Nəqliyyat Nazirliyi noyabrın 29-u səhər "Virat" tankerinə yenidən hücum olduğunu, sağ tərəfdə kiçik zədələr yarandığını bildirib.
Ukrayna mediası Ukrayna Təhlükəsizlik Xidmətinə (SBU) istinadla bunun ölkə kəşfiyyatı və Hərbi Dəniz Qüvvələrinin birgə əməliyyatı olduğunu yazıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dənizdə gəmilərə hücumları pisləyib. "Bu hücumları heç bir şəraitdə əsaslandıra bilmərik", – o deyib.