Qara dənizdə mülki gəmilərə hücum olub, ölən və yaralananlar var

Qara dənizdə yük gəmisinə hücum

Rusiya qüvvələri Qara dənizdə Panama, həmçinin Sent-Kits və Nevis bayraqları altında üzən mülki gəmilərə hücum edib. Bu barədə Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper məlumat verib.

Onun sözlərinə görə, gəmilərdən birinə hücum nəticəsində ekipaj üzvlərindən biri həlak olub, daha iki nəfər yaralanıb. Digər gəmidə isə üç ekipaj üzvü xəsarət alıb.

"Hazırda gəmilər hərəkətlərini bərpa ediblər. Liman infrastrukturu təhlükəsizlik vəziyyəti nəzərə alınmaqla fəaliyyətini davam etdirir", – Kiper "Telegram" kanalında yazıb.

Ukraynanın Sumı, Xarkov və Dnepropetrovsk vilayətləri də hücumlara məruz qalıb.

Sumı vilayətində iki nəfər həlak olub. Sumı icmasında idarəolunan aviasiya bombasının zərbəsindən 64 yaşlı kişi ölüb. Dubovyazovka icmasına raket hücumu zamanı bir qadın həlak olub, 63 yaşlı başqa bir qadın yaralanıb. Polisin məlumatına görə, Bilopolye icmasında 19 yaşlı qız xəsarət alıb.

Rusiya hərbçiləri Xarkov şəhərinə və vilayətə də zərbələr endirib. Son məlumata görə, dördü uşaq olmaqla 10 nəfər yaralanıb. Hücum idarəolunan aviasiya bombaları ilə həyata keçirilib. Hadisə nəticəsində 40 fərdi yaşayış evinə və bir anbara ziyan dəyib.

Pavloqradda iki fərdi yaşayış evində yanğın baş verib, 8 yaşlı qız həlak olub, 49 yaşlı qadın isə xəstəxanaya yerləşdirilib. Bunu Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleksandr Qanja bildirib.

Xersonda dronun marşrut avtobusuna hücumu nəticəsində dörd nəfər yaralanıb.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya gecə ərzində ölkəyə 90 pilotsuz uçuş aparatı ilə hücum edib. Onlardan 79-u zərərsizləşdirilib.