Qara dənizdə yük gəmisinə dron hücumu — İki Azərbaycan vətəndaşı həlak olub

Qara dənizdə dron müharibəsi

Qara dənizdə xarici yük gəmisi dron hücumuna məruz qalıb. İki Azərbaycan vətəndaşı həlak olub, daha ikisi yaralanıb.

Bu barə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sentyabrın 10-da yaydığı məlumatda bildirilir.

XİN-in məlumatına görə, sentyabrın 9-da Qara dənizdə heyətində Azərbaycan vətəndaşlarının da olduğu "TEDY" adlı xarici yük gəmisi dron hücumlarına məruz qalıb.
Əlavə edilir ki, hücum nəticəsində iki Azərbaycan vətəndaşının həlak olduğu, daha iksinin isə xəsarət aldığı barədə məlumat daxil olub. "Yaralılar Ukraynanın Çernomorsk şəhər xəstəxanasında yerləşdiriliblər", - nazirlik bildirir.

XİN Azərbaycan vətəndaşlarını hərbi əməliyyatların getdiyi təhlükəli bölgələrə səfər etməkdən, orada çalışmaqdan və bu ərazilərdən keçən nəqliyyat vasitələrində işləməkdən çəkinməyə çağırır.

Bu açıqlamaya həlak olan və yaralanan Azərbaycan vətəndaşlarının yaxınlarından münasibət almaq mümkün olmayıb.

Rusiya zərbəsi

XİN gəminin dəqiq harada hücuma məruz qaldığını və dronların hansı ölkəyə məxsus olduğunu bildirməyib. Amma Rusiya Müdafiə Nazirliyinin açıqlamasından zərbənin Odessa sahilləri yaxınlığında Rusiya dronları ilə endirildiyi anlaşılır.

Nazirlik sentyabrın 9-da axşam saatlarında Odessa limanında gəmiləri müşayiət edən bir yedək gəmisinin vurulduğunu bildirib. Sentyabrın 10-da səhər isə Ukrayna Silahlı Qüvvələri üçün yük daşıdığı iddia edilən daha iki quru yük və bir yedək gəmisinin vurulduğunu açıqlayıb.

"ASTRA" gəmi izləmə xidmətlərinə istinadən qeyd edir ki, "TEDY" Somali bayrağı altında üzən, təxminən 30 metr uzunluğunda dəniz yedək-təchizat gəmisidir. Uzunluğu təxminən 30 metrdir. Onun son mövqeyi sentyabrın 7-də Qara dənizdə, Rumıniyanın Konstansa limanı yaxınlığında qeydə alınıb.

Xatırlatma

Bu, XİN-in müharibə bölgələrindəki gəmilərdə Azərbaycan vətəndaşlarının həlak olması ilə bağlı yaydığı ilk məlumat deyil. Nazirlik bu ilin iyununda bildirmişdi ki, Azov dənizində "Natra" və "Zirkon" yük gəmilərinə dron hücumları nəticəsində heyətlərdəki 25 Azərbaycan vətəndaşından dördü həlak olub, dördü isə yaralanıb.

İyulun 14-də isə Ukraynanın Odessa sahilləri yaxınlığında Türkiyənin "Okean Maritime" şirkətinə məxsus "Atlas Bey" mülki ticarət gəmisinin dron hücumuna məruz qaldığı açıqlandı. Həmin vaxt göyərtəsində 11 Azərbaycan vətəndaşının olduğu, kapitan istisna olmaqla, digər heyət üzvlərinin Odessada sahilə çıxarıldığı bildirilmişdi. Sonradan azərbaycanlı gəmi kapitanının həlak olduğu məlum olmuş və onun nəşi tapılmışdı.

Müstəqil ekspertlər deyirlər ki, təhlükəli ərazilərdə nəqliyyat vasitələrində çalışmağın köklü səbəbləri var. Onların qənaətinə görə, bu, həm də Azərbaycanda bir çox insanın normal dolanışığını təmin edə bilməməsindən irəli gəlir və yaranmış vəziyyətə görə fərdlərlə yanaşı, hökumət də məsuliyyət daşıyır.