Heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına cavab verməsini təsdiq edən ekspertiza aktının verilməsinə görə dövlət rüsumlarının alınması nəzərdə tutulur. Bu, noyabrın 1-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Bundan başqa, ətin, heyvan, quş cəmdəklərinin və digər məhsulların üzərinə nişanın qoyulmasına görə də dövlət rüsumlarının alınacağı gözlənir.
Rüsumu artırılanlar…
Eyni zamanda, dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı, gigiyenik sertifikatın verilməsinə görə dövlət rüsumlarının qaldırılması nəzərdə tutulur. Dəyişikliyə əsasən, dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı 100 manatdan 150 manata artırılır. Həmçinin, gigiyenik sertifikatın verilməsi üçün rüsum 15 manatdan 25 manata qaldırılacaq.
Avtomobillərin texniki baxış rüsumları da artırılır. Layihəyə əsasən, bəzi nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsinə görə tətbiq edilən rüsumlar da artırılır. Söhbət, əsasən, moto-nəqliyyat, mexaniki nəqliyyat vasitələri və qoşqulardan gedir. Onlarda rüsum 10 manatdan 15 manata qaldırılır.
Həmçinin, minik avtomobillərinin yaxın qohumlara bağışlanması halları ilə əlaqədar rüsum 10 manatdan 20 manata çatdırılır.
Eyni layihəyə əsasən, sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbuluna görə rüsumlar da artırıla bilər. Bu rüsumların təqribən 100 faiz artırılması nəzərdə tutulur. Sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsinə görə rüsumlara da dəyişiklik təklif edilir. Burada isə nəzərdə tutulan artım müxtəlifdir, 10 faizdən 15 faizə qədər.
Sənəddə qeydiyyat şəhadətnaməsinin verilməsinə görə də rüsumlar artırılır. Orada da artım 15-100 faiz arasında nəzərdə tutulur.
Xarici pasportların verilməsinə görə də…
Sənəddə ümumvətəndaş (xarici) pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə də dövlət rüsumu yüksəldilir. Burada isə artım 15-50 faiz arasında ola bilər.
Layihədə Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək və ya ondan çıxmaq barədə ərizələrə tətbiq edilən rüsum da artırılır. Həmin məsələlərlə bağlı ərizələrə görə dövlət rüsumu 110 manatdan 200 manata qaldırılır.
Bu sahədə başqa artımlar da var. Sənəddə ümumilikdə dövlət rüsumları ilə bağlı 266 əməliyyat üzrə rəqəmlərə yenidən baxılmalıdır.