Səfirlərin regional toplantısı keçirilib

Toplantı iştirakçıları

Amerika Birləşmiş Ştatlarının ( ABŞ) region üzrə səfirlərinin Bakıda toplantısı keçirilib.

Bu barədə aprelin 28-də ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Söhbət ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberqer, Gürcüstandakı səfiri Kelli Deqnan və Ermənistandakı səfiri Linn Treysinin görüşündən gedir. Toplantıda həmçinin, ABŞ dövlət katibi köməkçisinin müavini Erika Olson, Qafqaz danışıqları üzrə baş müşaviri (SACN) Endryu Şofer və bu ölkənin Avropa və Avrasiyaya yardım üzrə əlaqələndiricisi vəzifəsini icra edən Qreq Naarden iştirak ediblər.

Toplantı ABŞ-ın Azərbaycandakı səfirliyinin ev sahibliyində gerçəkləşib. "Birləşmiş Ştatlar Azərbaycan, Gürcüstan və Ermənistanla diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edərkən biz tərəfdaşlığımızı gücləndirməyə, Cənubi Qafqaz xalqları üçün daha təhlükəsiz, sabit, firavan gələcəyin təmin olunması naminə sadiqliyimizi vurğulayırıq", - məlumatda yazılıb.

Xatırlatma

Bu kimi missiya rəhbərlərinin konfransları hər il keçirilir. Son konfransa 2021-ci ildə ABŞ-ın Yerevandakı səfirliyi ev sahibliyi edib.

COVID-19 səbəbindən 2020-ci ildə konfrans keçirilməmışdi.