Qədim insanın yeni növü aşkar edilib

Professor Lee Berger qədim əcdadın kəlləsini öpür

Alimlər Cənubi Afrikanın mağaralarından birində aşkar edilmiş qalıqların aid olduğu yeni insan növünü Homo Naledi adlandırıblar

Cənubi Afrikadakı Rising Star mağarasından çox sayda qədim insan sümükləri tapılıb.

Alimlər bu qədim sümüklərin “yeni insan növünə” aid olduğunu bildirirlər.

Homo Naledi

Onların fikrincə, Homo Naledi insanın təkamül mərhələlərindən birinə aiddir.

Yeni insan növünü onun qalıqlarını tapmış 60 nəfərlik alimlər qrupuna rəhbərlik edən Amerika paleoantropoloqu Lee R. Berger elan edib.

O deyib ki, yerli Sesoto dilində “naledi” “ulduz” deməkdir.

1550 qalıq elementini sənədləşdirən alimlər qrupu bildirib ki, bu, Afrikada bir yerdən tapılmış ən çox sayda qədim insan sümüyü kolleksiyasıdır.

Mərhumlara ehtiram edən əcdadlar

Qrup indiyədək 15 fərdə məxsus insan sümüklərini toplayıb. Onlar mağaranın qumdaşından ibarət divarları arxasındakı kamerasından daha çox sümük çıxacağına inanırlar.

İbtidai insan növünə aid bu qədim varlıqlar cəsədləri şüurlu şəkildə əlçatmaz mağaralarda yerləşdiriblər

İnsana aid bütün sümük fraqmentlərinin tapılması onu tam şəkildə bərpa edib maketləşdirməyə imkan verir.

Alimlər bu qənaətə gəliblər ki, ibtidai insan növünə aid bu qədim varlıqlar cəsədləri şüurlu şəkildə əlçatmaz mağaralarda yerləşdiriblər.

Mərhumların şüurlu şəkildə yerləşdirilməsi indiyədək yalnız müasir insan növünə aid davranış kimi məlum idi.

Portağaldan kiçik beyin

Elmi çevrələr tapıntını alqışlayıblar, lakin bu da qeyd olunur ki, yeni insan növünün “təkamül ağacı”nda harada yerləşdiriləcəyi hələlik bəlli deyildir.

Yeni insanın yaşı müəyyən edilməyib. Kəllə sümüyünün ölçüləri bu insan növündə beynin portağaldan iri olmadığını göstərir.

Doktor Berger bidlirir ki, yeni növ Homo genus növünə çox yaxındır və ya onun “kökü üstündə” yetişib və yaşı 2, 5 – 2,8 milyon il ola bilər.

Yeni növə aid fərdlərin əlləri Homo habilis növünə çox bənzəyir.

Bu insanların ilk dəfə olaraq alətlərdən istifadə etdikləri düşünülür.