Pxenyan Cənubi Koreyanın hücumuna nüvə silahıyla cavab verəcəyini deyir

Arxiv fotosu

Şimali Koreya bu il güclü raketlərin sınağını bərpa edəndən hər iki Koreya hərbi güclərini getdikcə daha çox nümayiş etdirirlər

Pxenyan müharibəyə qarşıdır, amma Cənubi Koreya ordusu Şimala hücum edərsə, onu “məhv etmək” üçün nüvə silahına əl atacaq. Şimali Koreya lideri Kim Conq Unun nüfuzlu bacısı aprelin 5-də belə bir xəbərdarlıqla çıxış edib.

Kim Yo Conqun xəbərdarlığını dövlət mediası yayıb. O, Cənubi Koreyanın müdafiə naziri Su Vukun ötən həftə verdiyi bəyanata son üç gündə ikinci dəfədir qəzəbli reaksiya verir.

Su aprelin 1-də deyib ki, ölkə ordusunun vurma əhatəsi, dəqiqliyi və gücü əhəmiyyətli dərəcədə yaxşılaşdırılmış raketləri var, “Şimali Koreyada istənilən hədəfi dəqiqlik və çevikliklə vura bilərlər”.

Buna da bax: Duma deputatı Şimali Koreya ilə ‘inteqrasiyaya’ çağırıb

Pxenyanda aparıcı siyasi müşavir Kim Yo Conq buna cavabında deyib ki, “lunatik” Sunun nüvə dövlətinə qarşı qabaqlayıcı hücumu müzakirə etməsi “çox böyük səhv”dir.

Onun sözlərinə görə, ölkəsinin nüvə qüvvələrinin “əsas missiyası” önləyici kimi çıxış etməkdir. Amma silah münaqişə başlarsa, bu silahlardan “düşmənin silahlı qüvvələrini məhv etmək” üçün istifadə ediləcək.

Şimali Koreya bu il güclü raketlərin sınağını bərpa edəndən hər iki Koreya hərbi güclərini getdikcə daha çox nümayiş etdirirlər.

Seul və Vaşinqtonda rəsmilər Pxenyanın 2017-ci ildən bəri ilk dəfə nüvə silahları sınağının bərpasına hazırlaşmasından ehtiyatlanırlar. Bu ölkəylə nüvə danışıqları isə dalana dirənib.