Putinin xüsusi elçisi ABŞ-yə danışıq aparmağa gedib

Rusiya Birbaşa İnvestisiyalar Fondunun baş direktoru Kirill Dmitriyev.

Rusiya prezidentinin xüsusi elçisi Kirill Dmitriyev ABŞ-də səfərdədir. O, bu il Rusiya ilə ABŞ arasında yüksəksəviyyəli danışıqlarda iştirak etmişdi. Bu haqda oktyabrın 24-də Rusiyanın "RİA Novosti" agentliyi, eləcə də ABŞ-nin CNN və "Axios" media qurumları mənbələrə istinadla məlumat yayıb.

Səfər barədə ictimai açıqlama verilməyib. Dmitriyev Donald Tramp administrasiyasının siyasətini, Rusiya ilə əlaqəsi olmayan məsələlərdə də tez-tez tərifləyir. Onun ABŞ-yə səfəri barədə xəbər ABŞ administrasiyasının Rusiyaya Ukrayna müharibəsi ilə bağlı ilk ciddi sanksiyalarını elan etməsindən iki gün sonra yayılıb. Tramp yanvarda prezident postuna keçəndən ilk dəfədir Rusiyaya sanksiyalar sərtləşdirilir.

CNN mənbələrə istinadla yazır ki, Dmitriyev ABŞ administrasiyasının təmsilçiləri ilə rəsmi danışıqlar aparmağı planlaşdırır. Görüşlərdə ABŞ-Rusiya münasibətləri müzakirə olunacaq. "Axios"un müxbiri Barak Ravid isə adı açıqlanmayan mənbəyə istinadla bildirib ki, şənbə günü – oktyabrın 25-də Putinin elçisi Trampın xüsusi təmsilçisi Stiven Uitkoffla görüşmək niyyətindədir.

Həftənin əvvəlində ABŞ Rusiyanın "Rosneft" və "Lukoil" neft şirkətlərinə sanksiyalar elan edib. Prezident Tramp isə Vladimir Putinlə Budapeştdə planlaşdırılan görüşü ləğv etdiyini açıqlayıb. Putin daxil Rusiya rəsmiləri bu qərarları tənqid ediblər. Amma onu da deyiblər ki, gələcəkdə görüşün keçirilməsi mümkündür, ABŞ ilə dialoq davam etməlidir.

Sanksiya qərarından əvvəl Dmitriyev sosial şəbəkələrdə Çukotka ilə Alyaskanı Berinq boğazından keçməklə birləşdirəcək tunel tikməyi təklif etmişdi. ABŞ prezidenti D.Tramp bu ideyadan xəbərsiz olduğunu desə də, onu "maraqlı" adlandırıb, amma sonradan bu məsələyə qayıtmayıb.