Rusiyanın İctimai Rəy Fondunun (FOM) məlumatına görə, son bir həftədə prezident Vladimir Putinin fəaliyyətini bəyənənlərin payı 5 faiz azalaraq 66 faizə düşüb. Bu, 2022-ci ilin payızında elan edilən qismən səfərbərlikdən bəri qeydə alınan ən kəskin həftəlik enişdir.
66 faizlik göstərici Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı müdaxiləsindən bəri ən aşağı səviyyədir. İşğaldan bir həftə əvvəl Putinin reytinqi 64 faiz idi, son illər isə bu göstərici adətən 75-80 faiz həddində idi.
Putinə etimad səviyyəsi də azalıb. Son bir həftədə bu göstərici 69 faizdən 67 faizə enib. Sorğuda iştirak edənlərin 20 faizi Putinə etibar etmədiyini bildirib.
FOM, eləcə də VTsIOM sorğu şirkəti Rusiya hakimiyyətinə yaxın qurumlar sayılır. VTsIOM-un son sorğusunda da Putinin reytinqində azalma qeydə alınıb, amma belə kəskin olmayıb.
VTsIOM-un məlumatına görə, respondentlərin 65,1 faizi Putinin fəaliyyətini bəyənib ki, bu da əvvəlki həftə ilə müqayisədə 0,9 faiz azdır. Putinə etimad göstərənlərin payı isə 71 faiz olub ki, bu da 1,3 faiz azalma deməkdir.
FOM və VTsIOM sorğularında Putinin reytinqi yaz aylarından düşməyə başlayıb. Şərhçilər bunu internet məhdudiyyətləri ilə əlaqələndirirdilər. FOM-un məlumatına görə, indi respondentləri əndişələndirən amillər sırasına yanacaq böhranı, müharibənin gedişi sarıdan narahatlıqlar da əlavə olunub.
VTsIOM mayın ortalarında, bir neçə həftə ardıcıl Putinin reytinqinin düşdüyünü açıqlayandan sonra sorğuların metodologiyasını rəsmən dəyişib. İndi sorğular təkcə telefonla deyil, həm də respondentlərin evlərində aparılır. Metodologiya dəyişikliyindən sonra reytinqlər qısa müddət artsa da, yenidən enməyə başlayıb.
VTsIOM-un məlumatına görə, mayın sonunda respondentlərin 73,7 faizi Putinə etibar etdiyini, 67,5 faizi isə onun prezident kimi fəaliyyətini bəyəndiyini bildirib.
FOM-un sorğularında isə Putinin fəaliyyətini bəyənənlərin payı genişmiqyaslı müharibənin başlanmasından bəri ilk dəfə 70 faizdən aşağı düşüb.
Kreml, hələlik, bu yeni sorğulara münasibət bildirməyib.