Ukrayna Qərbdən daha çox silah istəyir

Mixail Podolyak

ABŞ-də keçirilən iki son sammitdən sonra belə Rusiyanın sülhdə "maraqlı olmaması" ilə bağlı narahatlıqlar fonunda Ukrayna Qərbdən daha çox silah almağa çalışır. Bunu Ukrayna Prezidenti ofisinin rəhbərinin müşaviri Mixail Podolyak "Current Time"a müsahibəsində bildirib.

Onun sözlərinə görə, Kiyev "əks-hərbi əməliyyatların aparılması üçün müxtəlif vasitələrin təchizatının artırılması" ilə bağlı Amerika və Avropa rəsmiləri ilə aktiv məsləhətləşmələr aparır: "Uzaqmənzilli raketlər, uzaqmənzilli pilotsuz təyyarələr – bu bizə, həqiqətən də, müharibənin gedişatına effektiv təsir göstərməyə imkan verən prioritet sahələrdən biridir".

Volodimir Zelenski

Zelenski Putinlə birbaşa danışıqları sülh üçün 'ən təsirli' yol sayır

Münaqişəni sona çatdırmaq istiqamətində səylərin dalana dirəndiyi və hər iki tərəfin qarşılıqlı hücumlarının davam etməsi fonunda Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, Rusiya prezidenti Vladimir Putinlə görüş "irəliləyiş üçün ən təsirli yol" olardı.

Avqustun 24-də ölkənin Müstəqillik Günü münasibətilə keçirilən mərasimdə çıxış edən Zelenski Rusiyanı sülhə sövq edəcəyinə söz verib. O deyib ki, "liderlər arasında danışıqlar formatı irəliyə doğru ən təsirli yoldur".

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə daha öncə prezidentlərin görüşünün mümkünsüz olduğunu bildirib. O, NBC telekanalına müsahibəsində deyib: "Ankoric görüşünə reaksiya, Avropa təmsilçilərinin Vaşinqtonda toplanması və onların Vaşinqtondan sonra gördükləri işlər göstərir ki, onlar sülh istəmirlər".

ABŞ Ukraynaya 3 mindən çox raket göndərəcək

"The Wall Street Journal" mənbələrinə istinadən məlumat yayıb ki, ABŞ prezident administrasiyası Ukraynaya 3 min 350 ədəd ERAM raketlərinin satışını təsdiqləyib. Raketlərin təxminən altı həftəyə Ukraynaya çatdırılacağı gözlənilir.

Nəşrin mənbələri bildirib ki, digər silahları da ehtiva edən 850 milyon dollarlıq silah paketini Avropa ölkələri maliyyələşdirir. WSJ mənbələri qeyd edib ki, raketlərin satışı ilə bağlı qərar Trampın Putin və Zelenski ilə görüşünə qədər təxirə salınıbmış.

ABŞ rəsmiləri WSJ-yə bildiriblər ki, Ukrayna maksimum 450 kilometr məsafəyə malik ERAM raketlərindən istifadə etmək üçün Pentaqondan icazə almalıdır.

Hərbi əsir mübadiləsi baş tutub

Rusiya Müdafiə Nazirliyi 146 rus hərbi əsirinin qaytarıldığını və eyni sayda ukraynalı əsirin də ölkəsinə təhvil verildiyini açıqlayıb.

Hərbi əsirlərdən başqa Kursk vilayətinin səkkiz sakininin də Rusiyaya qaytarıldığı bildirilib.

Ukrayna prezidenti də mübadilə ilə bağlı avqustun 24-də sosial şəbəkə hesabında paylaşım edib. Zelenski bildirib ki, Silahlı Qüvvələrin, Milli Qvardiyanın, Dövlət Sərhəd Xidmətinin əsgərləri və mülki şəxslər evlərinə qaytarılıb. Prezidentin sözlərinə görə, onların əksəriyyəti 2022-ci ildən Rusiyanın əsirliyində idi.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Birləşmiş Ərəb Əmirlikləri iki ölkə arasında əsir mübadiləsində vasitəçi olub.