Kreml: Putin Helsinkidə Trump-la təkbətək görüşə hazırdır

Vladimir Putin (solda) və Donald Trump son dəfə ötən ilin iyulunda G20 sammitində görüşüblər

Kreml bildirir ki, Rusiya prezidenti Vladimir Putin bu ay Helsinkidə keçiriləcək sammitdə özünün amerikalı həmkarı Donald Trump-la təklikdə görüşə bilər.

Putinin sözçüsü Dmitry Peskov iyulun 3-də deyib ki, əgər hər iki tərəf bu barədə razılığa gələrsə, Vladimir Putin və Donald Trump Finlandiya paytaxtında iyulun 16-da keçiriləcək sammitdən əvvəl müşavirlərinin iştirakı olmadan təkbətək görüşə bilərlər.

Peskov bunu da əlavə edib ki, Putin təşkilatçıların münasib bildiyi bütün formatlarda danışıqlar aparmağa hazırdır. O bildirib ki, Kreml iki liderin təklikdə görüşə biləcəyini istisna etmir.

İki tərəfdən verilmiş məlumata görə dövlət katibi Mike Pompeo və Rusiyanın xarici işlər naziri Sergey Lavrov da qarşıdan gələn sammitə hazırlığı müzakirə ediblər. Bu da xəbər verilir ki, bu görüşdə Suriya, habelə Şimali Koreyanın nüvə fəaliyyəti ilə bağlı natarahatlıqların aradan qaldırılması yolları müzakirə edilib.

Moskva ilə Vaşinqton arasında münasibətlər 2014-cü ildə Rusiya Ukraynanın Krım yarımadasını ilhaq etdikdən sonra korlanıb.

Peskov iyulun 2-də deyib ki, Putin Krım məsələsini çıxmaq şərtilə ilə Trump-la danışıqlarda bütün məsələlər üzrə kompromislərə hazırdır.

ABŞ rəsmiləri Trump-ın Putinlə görüşdə Rusiyanın 2016-cı il ABŞ seçkisinə müdaxiləsi məsələsini qaldırıb-qaldırmayacağına dair qarışıq bəyanatlar veriblər.