Paşinyan Putin ilə görüşüb. Ölkəsinin nüvə planlarından detallı danışmayıb

Paşinyan və Putin Moskvada görüşür.

Xülasə

  • Paşinyan ilə görüşdə Putin deyib ki, "Bu yaxınlarda da görüşməyimizə baxmayaraq, həmişə müzakirə edəcəyimiz məsələlər var".
  • Ötən il Ermənistanla Rusiyanın ticarət dövriyyəsi 11.7 milyard dollar olub ki, bu da rekord göstərici sayılır.
  • Paşinyan hökumətinin Metsamor Atom Elektrik Stansiyasını əvəzləyəcək yeni nüvə stansiyası tikmək planlarını bir daha təsdiqləyib.

Sentyabrın 25-də Kremldə Rusiya prezidenti Vladimir Putin Ermənistan baş naziri Nikol Paşinyan ilə görüşüb.

Rusiya prezidenti çıxışında ikitərəfli münasibətlərin yaxşı inkişaf etdiyini, qarşılıqlı ticarət dövriyyəsinin 11 milyard dolları ötdüyünü deyib. Ötən il Ermənistanla ticarət dövriyyəsi 11.7 milyard dollar olub ki, bu da rekord göstərici sayılır.

"Münasibətlər digər sahələrdə də inkişaf edir. Bu yaxınlarda da görüşməyimizə baxmayaraq, həmişə müzakirə edəcəyimiz məsələlər var", – Putin deyib.

N.Paşinyan isə bildirib ki, hazırda Ermənistana uyğun layihələrin – kiçik modullu nüvə qurğularının axtarışı yönündə iş aparılır və Rusiya ilə çox fəal dialoq gedir. Paşinyan "Rosatom" korporasiyası ilə səmərəli əməkdaşlığı vurğulayıb. Baş nazirin sözlərinə görə, Rusiya ilə münasibətlər "plan üzrə" inkişaf edir: "Siz qarşılıqlı ticarət dövriyyəsini vurğuladınız. Bu il müəyyən azalma var, bu da dünyada gedən proseslərlə bağlıdır. Düşünürəm ki, bu istiqamətdə işləmək, 2023–2024-cü illərdəki artım templərini saxlamaq mümkündür".

Paşinyan da ikitərəfli münasibətlərin gündəliyinin çox zəngin, müzakirə ediləsi məsələlərin olduğunu vurğulayıb.

Bahalı layihənin detalları açıqlanmır

Ermənistan baş naziri Rusiyaya "Dünya Atom Həftəsi" konfransında iştirak üçün gedib.

AzadlıqRadiosunun erməni xidməti Paşinyanın ölkəsinin nüvə planları barədə aydın danışmadığını yazır. Belə ki, o, Moskvada beynəlxalq atom enerjisi forumunda hökumətinin Metsamor Atom Elektrik Stansiyasını (AES) əvəzləyəcək yeni nüvə stansiyası tikmək planlarını bir daha təsdiqləyib. Amma bu bahalı layihənin müddəti, digər detallarına toxunmayıb, icrası yönündə hansısa irəliləyişin olub-olmadığını deməyib.

Moskvadakı forumda Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi də iştirak edib.

Sizin brauzer HTML5-i dəstəkləmir

Ermənistandakı Atom Elektrik Stansiyası qapadıla bilərmi?

Hazırda Metsamor AES Ermənistanın elektrik enerjisi istehsalının təxminən üçdə birini təmin edir. Hökuməti stansiyanın yeganə işlək reaktorunun fəaliyyətini daha 10 il uzadıb, amma 2036-cı ildə onu istismardan çıxarmağı planlaşdırır. 1980-ci ildə istifadəyə verilmiş reaktor son 10 ildə Rusiyanın "Rosatom" dövlət nüvə agentliyinin köməyi ilə modernləşdirilib.

Paşinyan forumdakı çıxışında deyib ki, vaxtın uzadılması Metsamorun istismar müddəti bitdikdən sonra yeni enerji blokuna keçid üçün möhkəm əsas yaradacaq: "Ermənistan mövcud enerji blokunun əvəzlənməsi ilə bağlı optimal qərarın verilməsi üçün MAQATE və tərəfdaş ölkələrlə sıx əməkdaşlığı davam etdirmək niyyətindədir. Bu zaman iqtisadi səmərəlilik, təhlükəsizlik, eləcə də ölkənin enerji sisteminin xüsusiyyətləri nəzərə alınacaq. Gələcəkdə istifadəyə veriləcək yeni enerji obyektləri regional inkişaf üçün mühüm faktor olacaq".

ABŞ ilə "strateji nüvə əməkdaşlığı"na dair memorandum imzalanıb

Bu bahalı layihəyə Rusiya və ABŞ maraq göstərib. Yerevanla Moskva arasında gərgin münasibətlər fonunda Paşinyan hökuməti ABŞ-yə üstünlük verdiyini sərgiləyib.

2022-ci ilin mayında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ozamankı ABŞ dövlət katibi Antoni Blinken iki ölkə arasında "strateji nüvə əməkdaşlığı"na dair anlaşma memorandumu imzalayıblar. Bir il sonra ABŞ Dövlət Departamentinin yüksəkvəzifəli rəsmisi bildirmişdi ki, Vaşinqton Ermənistanda kiçik modul reaktorlarla (SMR) təchiz ediləcək nüvə stansiyasının tikintisi imkanlarını qiymətləndirir.

2024-cü ilin mayında Ermənistan hökuməti ABŞ, Rusiya və Cənubi Koreya ilə danışıqlar aparıldığını açıqlasa da, detallı bilgi verilməyib.

İki ay sonra hökumət yeni nüvə stansiyasının dizaynı və dəyəri ilə bağlı xarici investorların təkliflərini qiymətləndirmək və iki il ərzində yekun qərar vermək üçün şirkət yaradıb. "Azatutyun" həmin şirkətin hansı işi gördüyü haqda indiyədək məlumat verilmədiyini yazır.