Merkel Moskvaya gedir

Angela Merkel (sağda) və Vladimir Putin (arxiv fotosu)

Merkel Rusiyadan sonra, avqustun 22-də Ukraynaya gedəcək, Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparacaq

Avqustun 20-də Almaniya kansleri Angela Merkel Moskvaya səfər edərək Prezident Vladimir Putinlə görüşəcək. Bu, Merkelin Rusiyaya sonuncu rəsmi səfəri olacaq. O, gələn ay ölkəsində seçkilərdən sonra siyasətdən istefa verəcək.

Merkellə Putin ikitərəfli münasibətləri, COVID-19 pandemiyasını, Əfqanıstandakı durumu, Ukraynada münaqişəni bitirməyi hədəfləyən sülh prosesində durğunluğu müzakirə edəcəkləri bildirilir.

Tərəflər həmçinin tamamlanmaq üzrə olan, Rusiyadan Almaniyaya Baltik dənizinin dibiylə təbii qaz daşıyacaq Şimal Axını 2 kəmərini də götür-qoy edəcəklər. Belarus, qaçqın məsələləri, Suriya, Rusiyanın kiberhücumları və Almaniyada digər informasiya əməliyyatlarının da qaldırılacağı gözlənir.

İyulda Almaniya ilə Birləşmiş Ştatlar Şimalı axını 2 üzrə illərdir davam edən mübahisədən sonra razılaşma əldə ediblər. Onlar Ukraynaya dəstək, Rusiya enerjidən siyasi təzyiq üçün istifadə edərsə ona qarşı dayanmağı vəd ediblər.

Merkel Rusiyadan sonra, avqustun 22-də Ukraynaya gedəcək, Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparacaq.

Almaniya Fransa ilə birlikdə Ukraynada hökumətlə Rusiyanın dəstəklədiyi separatçıların münaqişəsində vasitəçilik edir.