Putinlə Makron Qarabağdan danışıblar

Laçında Rusiya hərbçisi, 1 dekabr, 2020-ci il

Putin Rusiya sülhməramlılarının Dağlıq Qarabağda humanitar vəziyyəti yaxşılaşdırdığını vurğulayıb

Rusiya və Fransa prezidentləri dekabrın 21-də telefon söhbətində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından da danışıblar.

Vladimir PutinEmmanuel Makron regionda vəziyyətin sabitləşməsindən, dinc həyatın axarına düşməsi, təsərrüfat və nəqliyyat əlaqələrinin bərpası yönündə görülən işlərdən məmnunluq bildiriblər.

Bu məsələlərdə Rusiya və Fransanın birlikdə işlədiyi və gələcəkdə də işləyəcəyi vurğulanıb.

İki ölkə başçışı Ukrayna ətrafında vəziyyət daxil olmaqla bir sıra beynəlxalq məsələləri də müzakirə ediblər.

Buna da bax: Müxalifət Azərbaycan hərbçilərinin qaytarılmasından narazıdır

Sülhməramlılar

Putin elə həmin gün Müdafiə Nazirliyinin geniş kollegiya iclasında Rusiya sülhməramlılarının Dağlıq Qarabağda humanitar vəziyyəti yaxşılaşdırdığını vurğulayıb.

“Artıq bir ildən çoxdur ki, sülhməramlılarımız Dağlıq Qarabağda sabitliyin saxlanmasına kömək edirlər. Onların səyləri nəticəsində humanitar vəziyyət yaxşılaşıb, bir sıra rayonlarda ərazilər minalardan təmizlənib, tarix və mədəniyyət abidələri qorunub”, – Putin deyib.

Buna da bax: Paşinyan Qarabağ barədə: ‘Biz eyni həmin yolla getmək istəmirik...’

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarətini bərpa edib. Qoşunların təmas xəttinə və Laçın dəhlizinə isə Rusiya hərbçiləri yerləşdirilib. İctimaiyyətlə müzakirə edilmədən atılan bu addım ölkədə müstəqil və müxalifət dairələri tərəfindən tənqid olunub, ölkənin suverenliyinin pozulması kimi dəyərləndirilib.

Azərbaycanla Ermənistanın sərhədləri hələ də müəyyənləşdirilməyib.