Fransa prezidenti Emmanuel Makronun ofisi Kremlin Rusiya və Fransa liderlərinin dialoquna hazır olmasını alqışlayıb. Yelisey sarayı dekabrın 21-də bildirib ki, "yaxın günlərdə daha yaxşı hərəkət etməklə bağlı qərar verəcəyik".
Bəyanatda qeyd olunur ki, dialoq Avropa İttifaqının (Aİ) digər üzvləri və Ukrayna ilə koordinasiyalı şəkildə aparılmalıdır, məqsəd isə sülh əldə etmək olmalıdır.
Ötən həftə Aİ sammitində Ukraynaya 90 milyard avro məbləğində kredit ayrılması üzrə qərar verilsə də, Rusiyanın dondurulmuş aktivlərindən istifadə ilə bağlı razılığa gəlinməyib. E.Makron isə sammitin yekununda deyib ki, Avropa sülh danışıqlarında daha aktiv rol oynamaq üçün Rusiya ilə dialoqun bərpası yolunu tapmalıdır. Hazırda danışıqları ABŞ aparır. Makron vurğulayıb ki, bu dialoq açıq olmalı, Ukrayna ilə koordinasiya edilməlidir.
Rusiya prezidenti Vladimir Putinlə danışmaq "yenidən faydalı olmalıdır", - o vurğulayıb.
Makronla Putin sonuncu dəfə 2022-ci ilin fevralında Moskvada görüşüblər. Bir neçə gün sonra Rusiya Ukraynaya təcavüzkar müdaxiləyə başlayıb. Sonradan onlar bir neçə dəfə telefonla danışıblar. Bu ilin iyulunda Makron bir daha Putinə zəng edib, amma heç bir nəticə əldə olunmayıb.
Kremlin sözçüsü Dmitri Peskov daha öncə bir neçə dəfə Putinin Makronla dialoqa hazır olduğunu bildirib.
"The Financial Times" mənbələrə istinadla yazıb ki, Aİ-nin sammitində Makron Almaniya kansleri Fridrix Mertsin opponentlərini dəstəkləyib. Onlar Ukraynaya kredit verilməsində Rusiya aktivlərindən istifadəyə qarşı çıxıblar. Bu mövqeyi Belçika və İtaliyanın baş nazirləri dəstəkləyib.
Putin ötən həftə Avropa liderlərinə "çoşqa" deyib. O, Avropanı ABŞ-nin sülh təşəbbüsünü yubatmaq, yaxud pozmaq istəyində suçlayır.
Avropa liderləri isə danışıqlarda ABŞ və Ukrayna ilə ünsiyyət qurub. Moskva danışıqları xüsusi elçilərlə birbaşa Vaşinqtonla aparır.