Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi Rusiya prezidenti Vladimir Putinin İturupa Kuril adasına səfərinə etirazını bildirib.
"Etorofu adası daxil, Şimal əraziləri tarixən və hüquqi baxımdan Yaponiyanın ayrılmaz əraziləridir və Yaponiya bu səfərə qəti etirazını bildirir", – Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.
Avqustun 13-də Putin Saxalin vilayətinə səfəri çərçivəsində ilk dəfə İturup adasına gedib. O, vilayət rəhbəri Valeri Limarenko ilə görüşüb, "Yasnı" balıq emalı kompleksinə, Rusiya Qəhrəmanı Eduard Norpolov adına məktəbə və mərkəzi rayon xəstəxanasına baş çəkib.
TASS yazır ki, bundan əvvəl Rusiya rəsmiləri Kuril adalarına beş dəfə səfər ediblər. Dmitri Medvedev əvvəl prezident, daha sonra baş nazir olanda adalara dörd dəfə gedib. Baş nazir Mixail Mişustin isə İturup adasına bir dəfə səfər edib.
2022-ci ilin aprelində Yaponiya ölkənin xarici siyasətinə dair hökumətin rəsmi məlumat kitabçasını –"Diplomatiya üzrə Mavi kitab"ı dərc edib. Sənəddə Kuril adalarının cənub hissəsi "Yaponiyanın qanunsuz işğal altında olan ərazisi" adlandırılıb.
İkinci Dünya müharibəsinin sonundan bəri Yaponiya Kuril adalarının cənubundakı İturup, Şikotan, Kunaşir və Habomaiyə iddia edir. Müharibənin sonunda Sovet İttifaqı bu adaları ilhaq edib, orada yaşayan yaponlar köçürülüb. 1956-cı ildə Moskva və Tokio hərbi əməliyyatlara son qoyan bəyannamə imzalayıblar, ancaq indiyədək sülh müqaviləsi bağlanmayıb.
2003-cü ilədək Yaponiya diplomatiyası adaları rəsmən "qanunsuz işğal edilmiş", 2012-ci ilədək "əzəli torpaqlar" adlandırıb. 2012-ci ildən sonra hökumət Rusiya ilə kompromisə nail olmaq ümidi ilə bu cür ifadələrdən istifadə etməyib.
Rusiya 2022-ci ilin fevralında Ukraynaya hərbi müdaxiləyə sonra Yaponiya Rusiya prezidenti Vladimir Putinə, ölkənin yüksək vəzifəli rəsmilərinə sanksiyalar tətbiq edib, Rusiyanı "ticarətdə ən əlverişli rejim" statusundan məhrum edib.