Putin Kremldə Suriya lideri ilə görüşüb

Vladimir Putin və Əhməd əş-Şaraa

Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaraa Moskvaya rəsmi səfəri zamanı Kremldə Rusiya prezidenti Vladimir Putinlə görüşüb.

Əş-Şaraa ötən ilin sonunda Moskvanın müttəfiqi Bəşər Əsədi devirmiş silahlı müxalifət liderlərindən biri idi. Rusiya hərbçiləri isə vətəndaş müharibəsində Əsəd rejimini dəstəkləyib.

Suriya lideri daha öncə Məhəmməd əl-Colani ləqəbi ilə terrorçu kimi tanınırdı. Əsəd devriləndən sonra Moskva Suriyanın yeni hakimiyyətini tanıyıb.

Kreml Putinlə Suriya liderinin görüşün ilk dəqiqələrinin videosunu yayıb. Rusiya prezidenti bildirib ki, "Moskva Dəməşqlə münasibətlərində hər zaman Suriya xalqının maraqlarından çıxış edib", bu əlaqələrin daim dostluq xarakteri daşıdığını xatırladıb. Əş-Şaraa isə bildirib ki, Suriya hakimiyyəti Rusiya ilə əvvəlki bütün razılaşmalara hörmət edəcək.

Kremlin sözçüsü Dmitri Peskovun daha öncə dediyinə görə, danışıqlarda Rusiyanın Suriyada Əsəd dövründə yaradılmış hərbi bazaları da müzakirə olunacaq. Moskvanın Suriyada hərbi iştirakı azalsa da, Hmeymim hava bazası və Tartus limanındakı dəniz bazası hələ də fəaliyyət göstərir.

"Reuters" agentliyi və bir sıra ərəb KİV-ləri səfər öncəsi yazıblar ki, əş-Şaraa Moskvadakı danışıqlarda Rusiyada siyasi sığınacaq almış Əsədin təhvil verilməsini rəsmi tələb edə bilər. Bu barədə, hələlik, rəsmi məlumat verilməyib. Putinin əş-Şaraa ilə görüşünün nəticələri də açıqlanmayıb.

Rusiya 2015-ci ildə Suriyada vətəndaş müharibəsinə Əsədin tərəfindən müdaxilə edib. Bu, rəsmən "İslam Dövləti" (İŞİD) terror təşkilatına qarşı mübarizə ilə əsaslandırılıb. Amma Rusiya hərbi aviasiyası digər müxalifət qüvvələrini də hədəfə alıb. 2024-cü ildə üsyançıların qəfil hücumu nəticəsində Əsəd hakimiyyəti bir neçə günün içində devrilib və Rusiya hərbçiləri onu ölkədən çıxarıblar.