Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasına ölkəsinin Avropa Şurasının milli azlıqların müdafiəsinə dair çərçivə Konvensiyasından çıxmasını ehtiva edən qanun layihəsi təqdim edib.
Bu sənəd sentyabrın 29-da Dövlət Dumasının rəsmi saytında yerləşdirilib.
Qanun layihəsinə izah sənədində deyilir ki, Rusiyanın konvensiyadan çıxması ona qarşı diskriminativ münasibətin qarşısını alacaq və milli azlıqların hüquqlarının qorunmasına ciddi təsir etməyəcək.
Bu da vurğulanır ki, 2022-ci ilin sentyabrından Avropa Şurasının Nazirlər Kabinetinin xüsusi komitəsindəki Rusiya ekspertinin səlahiyyətləri məhdudlaşdırılıb.
Bu komitə üzv ölkələrin milli azlıqların hüquqlarını müdafiə etməsinin vəziyyətini monitorinq edir.
Buna da bax: Azərbaycan-Fransa parlament əlaqələri dayandıEkspert: Bu çıxış heç nəyi dəyişməyəcək
Moskva habelə milli azlıqların, xüsusilə də xaricdəki rusdilli əhalinin hüquqlarının pozulmasını izləmək və bu barədə qərarların qəbulunda iştirak etmək imkanından məhrum olub.
AzadlıqRadiosunun Rus xidməti bundan əvvəl, sentyabr ayının ortalarında Moskvanın Avropa Şurasının konvensiyasından mümkün çıxışını şərh etməyi Kalmıkiyadan olan hüquqşünas Daavr Dorjindən xahiş etmişdi.
Ekspert demişdi ki, Rusiyanın konvensiyadan çıxması əslində o qədər də böyük fərq yaratmayacaq:
"Bu akt sadəcə olaraq rusiyalıların, o cümlədən qeyri-rusların beynəlxalq-hüquqi müdafiəsinin azaldılmasına yönəlik meyli təsdiq etmiş olacaq”.
Buna da bax: Finlandiya sərhədyanı torpağı olanlarla məxfi müqavilələr imzalayır?
Putinin ardıcıl siyasəti
Rusiya bu konvensiyanı 1995-ci ildə imzalamışdı. Sənəd milli azlıqlara qarşı hər hansı diskriminasiyaları, onların iradələrinə zidd olaraq assimilyasiyasını, ana dilindən sərbəst istifadəsinin məhdudlaşdırılmasını qadağan edir.
Ötən ilin martında Rusiya Ukraynaya qarşı təcavüzü ilə bağlı Avropa Şurasından xaric edilib.
Vladimir Putin hakimiyyətə gələndən bəri, xüsusilə də 2000-ci illərin ortalarından Rusiya Federasiyasının milli subyektlərinin səlahiyyətlərinin azaldılması siyasəti yürüdür.
Məhz onun göstərişi ilə Tatarıstan və bir sıra başqa türkdilli muxtariyyətlərdə ana dilinin icbari tədrisi ləğv olunub.