Putinin uşaqları erkən evləndirməklə bağlı Kadırovu 'örnək göstərməsi' tənqid olunur

Putin və Kadırov

Rusiya prezidenti Vladimir Putin ötən həftə illik mətbuat konfransında Çeçenistan rəhbəri Ramzan Kadırovun ailəsindən örnək götürməyi, uşaqları erkən yaşda evləndirməyi təklif edib. AzadlıqRadiosunun Şimali Qafqaz xidməti hüquq müdafiəçilərinin bu təklifi tənqid etdiklərini yazır.

Onlar yada salırlar ki, R.Kadırov özü də əvvəllər erkən evliliklərə qarşı çıxıb. Hüquq müdafiəçiləri vurğulayırlar ki, Şimali Qafqazda azyaşlı qızlar çox vaxt məcburən ərə verilirlər.

Putin dekabrın 19-da "Birbaşa xətt"də uşaqların ailə qurmasını "gerçəkdən düzgün", "yaxşı bir ənənə" adlandırıb. O, Qafqaz xalqlarını, konkret olaraq Kadırovun ailəsini örnək göstərib: Prezident deyib ki, onlar "yetərincə erkən yaşda ərə gedir, evlənirlər". Kadırov isə Putinin sözlərini "Kadırovlar ailəsi üçün böyük şərəf" kimi dəyərləndirib.

"SK SOS" böhran qrupu isə bildirib ki, Şimali Qafqazda "qadınları daha çox iradələri əleyhinə ərə verirlər". Hüquq müdafiəçiləri Çeçenistandan qaçan, Yerevanda öldürülən Ayşat Baymuradovanı misal çəkirlər. Ayşat ərə getməyə hazır olmamasına baxmayaraq, ailəsi onu 29 yaşlı kişi ilə evlənməyə məcbur edib. Hüquq müdafiəçiləri onların toyadək cəmi üç dəfə görüşdüyünü bildirirlər.

Başqa bir halda qızı "yeddinci sinifdən sonra məktəbdən çıxarıblar, 17 yaşında özündən doqquz yaş böyük kişiyə ərə veriblər. Amma nikah tezliklə pozulub". Hüquq müdafiəçiləri xeyli belə misal çəkirlər.

Sizin brauzer HTML5-i dəstəkləmir

Ramzan Kadırov boşananları məcburən barışdırır

Kadırov imamlara qadağa qoymuşdu

"Marem" böhran qrupu isə belə ailələrlə nikahın daha erkən pozulduğunu, tez-tez zorakılıq baş verdiyini vurğulayır. Üstəlik, "16-17 yaşlı qızlar əksər hallarda cinsi həyata da hazır olmurlar".

"Marem" Kadırovun əvvəllər erkən nikahlara qarşı çıxdığını yada salır. 2014-cü ildə imamlara məktəblilərin kəbinini kəsməyi qadağan etmişdi. Buna isə ruhani idarəsinin gəldiyi nəticə səbəb olmuşdu: boşanmaların yarıdan çoxunun gənc cütlüklərin payına düşdüyü bildirilirdi.

AD REM təşkilatı isə daha öncə bildirib ki, Çeçenistanda, İnquşetiyada və Dağıstanda erkən/məcburi nikahlar, qızların qaçırılması yetərincə dərin, geniş yayılmış bir təcrübədir. Buna qarşı isə Rusiyada heç bir rəsmi, sistemli, kompleks işin aparılmadığı vurğulanırdı.

R.Kadırovun üç oğlu 17 yaşı olmamış ailə qurub. Təxmini hesablamaya görə, bir halda gəlinin nikah zamanı yaşı 14-dən yuxarı ola bilməzdi. Putin isə bu nikahlara "xeyir-dua verib".

Rusiyada rəsmi nikah yaşı 18-dir, bəzi hallarda yerli orqanlar 16 yaşında da evliliyi təsdiqləyə bilər. Çeçenistanda bu yaş 14-ə salınıb.