AzadlıqRadiosunun "Sistema" araşdırma bölməsi Rusiya prezidenti Vladimir Putin və uzun illərdir onun partnyoru olduğu deyilən Alina Kabayevanın iki oğlunu böyütmək üçün xaricdən azı 20 dayə, müəllim və baxıcı işə götürdüyünü üzə çıxarıb. İşçilərin əksəriyyəti Ukraynadakı müharibəyə görə Moskva ilə kəskin qarşıdurmada olan NATO ölkələrinin vətəndaşlarıdır. Əldə edilən sənədlərdən məlum olur ki, ailə uşaqlara nəzarət etmək, onlara ingilis və alman dillərini öyrətmək üçün hər il yüz minlərlə dollar xərcləyib.
2017-ci ildən 2026-cı ilin əvvəlinə qədər olan dövrü əhatə edən sənədlər müqavilələrdən, elektron məktublardan, fotoşəkillərdən və xarici əməkdaşların gündəlik hesabatlarından ibarətdir.
Uşaqları "təhsilli avropalılar" kimi böyütmək
Kabayevanın 2015-ci ildə doğulan İvan və 2019-cu ildə doğulan Vladimir adlı iki oğlunun olduğu bildirilsə də, nə Putin, nə də Olimpiya çempionu bu münasibəti və övladlarının olmasını təsdiqləyib.
Putin illərdir NATO-nu və kollektiv Qərbi Rusiyanı zəiflətməkdə ittiham edir. Amma sənədlər göstərir ki, işə götürülən əcnəbi müəllimlər qarşısında uşaqların "təhsilli avropalılar" səviyyəsində ingilis və alman dillərinə yiyələnməsi xüsusi məqsəd kimi qoyulub.
Müəllimlərin əksəriyyəti Almaniyadan, digərləri isə Cənubi Afrika, Böyük Britaniya, Yeni Zelandiya, Avstriya, İrlandiya, Bosniya və Herseqovinadan seçilib.
Sənədlərdə yalnız bir rusiyalı müəllimə rast gəlinir ki, o da İvana musiqi öyrətmək, onu Sergey Prokofyev və Nikolay Rimski-Korsakov kimi bəstəkarlarla tanış etmək üçün işə götürülüb.
Baxıcılardan birinin hesabatından foto: İvanın 2018-ci ilin Katolik Miladı münasibətilə valideynlərinə göndərdiyi təbrik kartı.
LGBT və seksual mövzular yasaqlanıb
Müqavilələrdə baxıcılara dini, siyasi və ideoloji baxışlarını uşaqlara aşılamaq, həmçinin icazəsiz seksual mövzuları müzakirə etmək qadağan olunur. Sənədlərdə "LGBT ilə bağlı mövzulara heç bir halda toxunmayın" ifadəsi yer alır; Putin özü gender azadlıqlarına rişxənd edir və homoseksualların hüquqlarını məhdudlaşdıran qanunlar imzalayıb.
Sənədlər xarici əməkdaşların hərəkət azadlığının da ciddi şəkildə məhdudlaşdırıldığını göstərir. Onlar əsasən Moskva ilə Sankt-Peterburq arasında yerləşən və ciddi mühafizə olunan Valday iqamətgahında işləyiblər. 2022-ci ilə aid yazışmalarda Kanada mənşəli, Britaniya və İrlandiya pasportlu ingilis dili müəlliminə boş vaxtında şəhərə alış-verişə və ya ictimai yerlərə getməyin qadağan edildiyi bildirilir. Ona lazım olan əşyaların siyahısını təqdim etmək tapşırılıb və həmin əşyaların yalnız təhlükəsizlik nəzarətindən keçəndən sonra veriləcəyi qeyd olunub.
İşçilər müntəzəm tibbi müayinələrdən keçib, sosial şəbəkələrdə işləri barədə məlumat paylaşmaları və kənar şəxslərlə danışmaları qadağan edilib.
Sənədlərdə Putin və Kabayevanın adı birbaşa çəkilməsə də, "ailə", "valideynlər" və "işəgötürənlər" kimi təsvir olunan şəxslərin məhz onlar olduğuna dair çoxsaylı işarələr, o cümlədən böyük oğlan İvanın adı var.
2018-ci il sentyabrın əvvəlinə dayələrin iş vaxtının uçot qrafiki.
7 min avro maaş
"Sistema" sənədlərin həqiqiliyini fotoşəkillər, sosial şəbəkə paylaşımları, uçuş qeydləri və digər açıq mənbələrlə yoxlayıb. Berlindəki Məlumat və Araşdırma Mərkəzi (DARC) də sənədlərdə heç bir saxtalaşdırma əlaməti aşkarlamadığını bildirib.
Ailə 2017-ci ildə xaricdən köməkçi axtarmağa başlayıb və artıq 2018-ci ildə İvanın gündəlik proqramına ingilis dili, alman dili və musiqi dərsləri daxil edilib.
Əcnəbi əməkdaşların maaşları zamanla artıb: 2019-cu ildə aylıq 1400 avro alan bəzi baxıcıların maaşı sonradan 7 min avroya qədər yüksəlib ki, bu da 2025-ci ildə Rusiyadakı orta aylıq əməkhaqqından altı dəfədən çoxdur.
Araşdırmaya görə, işə qəbul və maliyyə məsələlərini əsasən Kabayevanın yaxın qohumları Olesya Fedina və Yekaterina Qolovaçeva idarə edib. Onlar jurnalistlərin suallarını cavablandırmayıblar. Putinin mətbuat katibi Dmitri Peskov və Kabayevanın nümayəndəsi də mövzu ilə bağlı şərh verməkdən imtina edib.
Keçmiş baxıcılardan biri isə kimin üçün işlədiyini heç vaxt bilmədiyini deyib: "Biz bütün göstərişləri yalnız ailənin köməkçilərindən alırdıq. Bizdən tam məxfilik, sədaqət, sükut və itaət tələb olunurdu".
O, ailənin ona qarşı ədalətli və səxavətli davrandığını bildirsə də, münasibətlərin birtərəfli olduğunu vurğulayıb: "Mən sadəcə əmr və göstəriş alırdım".