Putin və Fidan Ukrayna ilə bağlı sülh səylərini müzakirə ediblər

V.Putin və H.Fidan

Mayın 26-da Moskvada Rusiya prezidenti Vladimir Putin və Türkiyə xarici işlər naziri Hakan Fidan arasında baş tutan görüşdə tərəflər Ukraynadakı müharibənin sonlandırılması istiqamətində səyləri, İstanbulda Moskva və Kiyev arasında birbaşa görüşdən sonrakı prosesləri müzakirə edib. "Reuters" bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki (XİN) mənbəyə istinadən yazıb.

H.Fidan Rusiyaya ikigünlük səfəri çərçivəsində prezident Putinlə və Rusiyanın Ukrayna ilə danışıqlarda baş müzakirəçisi Vladimir Medinski ilə görüşüb. Türkiyənin baş diplomatının bu gün, mayın 27-də rusiyalı həmkarı Sergey Lavrovla görüşəcəyi bildirilib.

Rusiya və Ukrayna arasında gələcək danışıqlar üçün vaxt və yer razılaşdırılmasa da, NATO müttəfiqi Türkiyə dəfələrlə bu danışıqlara ev sahibliyi edə biləcəyini bəyan edib.

Mayın əvvəlində Moskva və Kiyevdən olan nümayəndələr 2022-ci ilin martından bəri ilk dəfə İstanbulda görüşüblər. Tərəflər arasında atəşkəs razılaşdırılmayıb, ancaq Rusiya və Ukrayna hərbi əsirlərin mübadiləsi (1000-ə 1000) və mümkün atəşkəs üçün şərtlərin yazılı şəkildə hazırlanması barədə razılıq əldə ediblər.

Türkiyəli mənbə bildirib ki, görüşdə Putin və Fidan Ukrayna və Rusiya arasında müharibəyə son qoymaq üçün son vaxtlar həyata keçirilən təşəbbüsləri və İstanbulda aparılan danışıqlardan sonra baş verənləri müzakirə ediblər.

O əlavə edib ki, iqtisadiyyat və enerji məsələləri də müzakirə olunub.

Rusiya tərəfi mayın 26-da bildirib ki, danışıqların əsas mövzusu ikitərəfli münasibətlər olacaq, lakin Ukraynanın da müzakirə olunacağı istisna edilməyib.

Görüşdən əvvəl Türkiyə tərəfi bildirib ki, H.Fidan Ankaranın tərəfləri qəbul etmək təklifini təkrarlayacaq və "vasitəçi" rolunu davam etdirəcək.

Türkiyə XİN rəhbərinin bu həftənin sonunda Ukrayna rəsmiləri ilə görüşmək və İstanbul danışıqlarını müzakirə etmək üçün Kiyevə gedəcəyi gözlənilir.

Rusiya mənbələri Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər və Omanı danışıqlar üçün potensial ölkə kimi gördüklərini bildiriblər.