Martın 11-də Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.
Azərbaycan prezidentinin Mətbuat xidmətinin məlumatına görə, Putin Rusiya vətəndaşlarının İrandan təxliyəsində göstərilən operativ köməyə, həmçinin həmin ölkəyə humanitar yardımın keçməsinə yaradılmış şəraitə görə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı onlar Yaxın Şərqdə hərbi əməliyyatların tezliklə dayandırılmasının və münaqişənin siyasi-diplomatik yollarla həllinin vacibliyini vurğulayıblar.
"Dövlət başçıları ikitərəfli gündəliyin aktual məsələlərini müzakirə ediblər. Strateji tərəfdaşlıq və müttəfiqlik prinsiplərinə uyğun olaraq Azərbaycanla Rusiya arasında fəaliyyətin müxtəlif sahələrdə gələcək inkişafında qarşılıqlı niyyət təsdiqlənib", - məlumatda deyilir.
Dörd il əvvəl, fevralın 22-də Moskvada Əliyevlə Putin iki ölkə arasında "…Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə" imzalayıblar. Sənəddə həm siyasi, həm iqtisadi və həm də bir çox sahələr üzrə əməkdaşlığın gücləndirilməsi vacib sayılır.
2024-cü il dekabrın 25-də "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinə məxsus Bakı-Qroznı reysi ilə uçan təyyarənin Qazaxıstanda qəzasından (Qəzada 38 nəfər həlak olub) sonra iki ölkənin münasibətlərində soyuqluq müşahidə edilmişdi. Azərbaycan rəsmiləri deyirdilər ki, təyyarəyə Rusiya ərazisində silahlı müdaxilə olub, qarşı tərəf üzrxahlıq edib kompensasiya ödəməli və təqsirkarları cəzalandırmalıdır. İndiyə kimi bəzi vədlərə baxmayaraq, üzrxahlıqdan başqa Azərbaycanın sadalanan şərtləri yerinə yetirilməyib. Bununla belə, son dönəmlər hər iki ölkənin rəsmiləri əməkdaşlığın gücləndirilməsindən bəhs etməkdədirlər.
ABŞ və İsrail fevralın 28-də İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. İran buna İsrail və regiondakı digər ölkələrdə ABŞ bazalarına raket, həmçinin dron hücumları ilə cavab verir.
İstər ABŞ, istərsə də bir sıra Qərb ölkələri İranın nüvə proqramını təhdid sayır, bu ölkədə azadlıqların silah gücünə yatırılması tənqidlərə səbəb olub. Lakin tərəflərin, əsasən, nüvənin zənginləşdirilməsi proqramının dayandırılması ilə bağlı illərlə çəkən danışıqları nəticəsiz qalıb.