Putin 9 may paradının 24 iyunda keçirilməsini əmr edib

Qələbənin 74-cü ildönümü paradı belə keçirilmişdi

Rusiya prezidenti Vladimir Putin Böyük Vətən Müharibəsində nasist Almaniyası üzərində qələbənin 75 illiyinə həsr edilmiş hərbi paradın iyunun 24-də keçiriləcəyini bəyan edib.

Bundan əvvəl prezident koronavirus pandemiyası ilə bağlı və “veteranların ricası” ilə 9 may paradını ləğv etmişdi.

Putin mayın 26-da deyib ki, müdafiə naziri Sergei Shoigu-ya Qələbə paradına hazırlaşmaq əmri verib.

Rusiya ənənəvi olaraq hər ilin 9 may gününü böyük hərbi paradla keçirir. Bu paradda minlərlə əsgər və yüzlərlə hərbi texnika Rusiyanın hərbi qüdrətini nümayiş etdirir.

Buna da bax:

‘Ölməz polk’da nasist portretlərinə görə cinayət işi

Niyə 24 iyun?

Moskva iyunun 24-ü tarixinin təsadüfən seçilmədiyini, 1945-ci il Qələbə paradının məhz həmin gün keçirildiyini bildirib.

Putin bunu da deyib ki, hər il 9 may ərəfəsində keçirilən “Ölməz polk” yürüşü iyulun 26-a planlaşdırılıb.

Bu yürüşə çıxanlar II Dünya Müharibəsində iştirak etmiş və ya həlak olmuş nənə-babalarının portretlərini daşıyırlar.

Mayın 26-da habelə Qazaxıstan və Moldova prezidentləri Qasym-Zhomart ToqaevIgor Dodon Moskvada, Qırmızı meydanda keçiriləcək paradda iştirak etmək üçün Putinin dəvətini qəbul ediblər.

Rusiyada mayın 9-da keçiriləcək paradda 15 min əsgər və zabitin, habelə 400 ədəd hərbi texnikanın nümayiş etdirilməsi planlaşdırılmışdı.

Koronavirus pandemiyasına baxmayaraq Belarusda 9 may paradı keçirilib.

Belarus prezidenti Alyaksandr Lukashenka sanki mürəkkəb münasibətlərə malik olduğu Putinə eyham vuraraq demişdi:

“Nəticə çıxarmağa, illah da bizi, Qələbənin varisi olan belarusları mühakimə etməyə tələsməyin. Biz sadəcə olaraq, başqa cür hərəkət edə bilməzdik.”

Rusiyanın dövlət telekanalları Minskdə keçirilən hərbi paradı, ümumiyyətlə işıqlandırmayıblar.