'Pussy Riot' üzvləri qiyabi olaraq 13 ilədək həbsə məhkum edildilər

"Pussy Riot"

Moskvanın Basman məhkəməsi "Pussy Riot" qrupunun beş üzvünü Rusiya ordusu haqqında "saxta" məlumatların yayılmasında təqsirli bilərək qiyabi olaraq 8 ildən 13 ilədək həbsə məhkum edib. Xəbəri "Mediazona" yayıb.

Mariya Alyoxina 13 il, Taso Pletner 11 il, Olqa Borisova, Diana Burkot Alina Petrova isə hərəsi 8 il azadlıqdan məhrum ediliblər. Onlar vəkilləri vasitəsilə ittihamı qəbul etmədiklərini bildiriblər.

Cinayət işi 2022-ci ildə yayımlanan "Ana, televizora baxma" antimüharibə klipinə, həmçinin 2024-cü ilin aprelində Münxendəki "Müasir incəsənət pinakotekası" muzeyində keçirilən aksiyaya görə açılıb. Aksiya zamanı "Pussy Riot" üzvləri Rusiyanın Ukraynadakı təcavüzkar müharibəni tənqid edib, prezident Vladimir Putini "hərbi cani" adlandırıblar.

Aksiya zamanı iştirakçılardan biri prezidentin portreti üzərinə sidik ifraz edib.

İttiham tərəfi bildirir ki, klipdə Rusiya ordusunun hərəkətləri, Ukraynada dinc sakinlərin qətlə yetirilməsi ilə bağlı yalan məlumatlar yer alıb.

Fevralda Basman məhkəməsi "Pussy Riot" üzvləri barəsində qiyabi həbs qərarı çıxarıb və onlar axtarışa verilib. Mayda isə onların qohumlarının evlərində axtarış aparılıb.