«Puma» araşdırmaya başladı

İsveçrə-Fransa oyunu

-

Expressen.se saytının yayığı xəbərə görə, idman geyimlərinin istehsalı üzrə ixtisaslaşan Almaniyanın məşhur «Puma» şirkətinin rəhbərliyi Avropa çempionatının iyunun 19-da keçirilən İsveçrə - Fransa oyununda (0:0) baş verən olaya biganə qalmayacaq. Şirkət oyunun gedişində İsveçrə yığmasının birdən-birə dörd futbolçusunun formasının cırılması və bu üzdən onların formasını dəyişməyə məcbur olması ilə bağlı araşdırma aparmaq fikrindədir.

Xatırladaq ki, isveçrəlilərdən Admir Mehmedi, Breel Embolo, Blerim Dzemaili və Granit Xhaka hələ ilk yarıda rəqib oyunçularla mübarizədə formasını cırıb. O da maraqlıdır ki, «Puma» turnir iştirakçılarından beşinin geyim sponsorudur və indiyə qədər həmin komandaların keçirdiyi 10 oyunda belə hadisə yaşanmamışdı.

İsveçrə - Fransa oyununun gedişində daha bir maraqlı olay baş verib. İkinci hissənin əvvəlində Antoine Griezmann ilə Valon Behrami arasında təkbətək mübarizə zamanı top da partlayıb.