Azərbaycanda ödənişli yollar necə fəaliyyət göstərsin?

Sizin brauzer HTML5-i dəstəkləmir

Yunis Səfərovun bacısı AzadlıqRadiosuna danışır - qardaşı Elmar Vəliyevi niyə güllələdi?

Ötən həftə, Nazirlər Kabineti avtomagistraldan ödənişli yol kimi istifadə edilməsinə dair sənəd təsdiq edib, belə yollarda hərəkət qaydaları müəyyən edilib. Bu yollarda ödənişli hissənin başlaması və bitməsi ilə bağlı nişanlar quraşdırılacaq. Məlumat və yol nişanları Azərbaycan dilində quraşdırılacaq, amma yola nəzarət edən operatorun istəyinə əsasən xarici dildə - ingilis dilində də təqdim ediləcək.

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, qurum hökumətə təklif edib ki, Bakı-Ələt-Astara-İran yolu tam istifadəyə verildikdən sonra ödənişli olsun.

Yol hərəkəti qaydalarına dair hüquqi şərhlər kitabının müəllifi Ərşad Hüseynov isə deyir ki, ödənişli yollar istifadəyə verilərsə, alternativ yolların da çəkilməsini də nəzərə almaq lazımdır:

“Pullu yollar salınarkən başlıca şərtlərdən biri ona alternativ yolun da olmasıdır, yəni, onu əvəzləyəcək yol yoxdursa, həmin yol pullu ola bilməz. Eyni zamanda, həmin alternativ yol da pullu yolun özü qədər qədər rahat olmalıdır”.

Ərşad Hüseynov deyir ki, inkişaf etmiş ölkələrdə belə yollar 100, bəzən 1000 kilometrlərlə uzana bilir. Bəzi ölkələrdə, təcili yardım, yanğınsöndürən maşınlarına, taksilərə güzəştlər edilir.

Hələlik, Azərbaycanda, ödənişli yollarda qiymətin nə qədər olması təsdiqlənməyib.

Bəs, görəsən sürücülər bu yenilik haqda nə düşünürlər? AzadlıqRadiosu sürücülər arasında sorğu keçirib:

Sizin brauzer HTML5-i dəstəkləmir

Azərbaycanda yollar pulla olsa.... sürücülərin fikirləri

“Azəryolservis”in mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli AzadlıqRadiosuna deyib ki, ödənişli olması təklif edilən Bakı-Ələt-Astara-İran yolunu dövlət zəmanəti ilə beynəlxalq kreditlər hesabına özəl şirkətlər tikiblər. Bu yolun yaxın zamanlarda istifadəyə verilməsi nəzərdə tutulur. Yolda sürət həddi isə saatda 110 km təklif edilib. Anar Nəcəfli deyir ki, “Azəryolservis” hesab edir ki, həmin yol ödənişli olarsa, dövlətə xeyri olar:

“O yol üzərində xeyli dərəcədə tranzit yüklər daşınır, o cümlədən, daxili yüklərin də o yol vasitəsilə daşınması həyata keçiriləcək. Sürət həddi daha yaxşı olanda, daha çox beynəlxalq yük daşıması baş verir. Bu halda, büdcəyə daxilolmalar da artır”.

Bakı Dövlət Universitetinin İqtisadiyyat müəllimi Toğrul Maşallı isə deyir ki, ödənişli yolları dünya təcrübəsində özəl şirkət tikir, dövlətə belə layihələri tikmək sərf etmir, ödənişli yolların tikintisi və istismarı özəl şirkətə tapşırılır:

“Məntiqi olaraq ödənişli yolların olması yaxşı haldır. Özəl şirkət onu hər il, ehtiyac olmadığı halda, təmir etməyəcək, normal təmir aparacaq. Bu yol 20-30 il fəaliyyət göstərəcək. Problem ondadır ki, belə bir potensialı Azərbaycanda görmürəm. Çünki Azərbaycanda biz bilirik şirkətlər necə formalaşır və yolların tikintisi necə həyata keçirilir. Ona görə də burda pozitiv bir şey görmürəm. O mənada biz bilirik ki, bir neçə holding fəaliyyət göstərir bu sahədə və ola bilər ki, onlara veriləcək bu yol”.

Təhlilçilər bir qayda olaraq tikinti infrastruktur layihələrinə ayrılmış vəsaitin ictimai nəzarətdən kənarda qaldığını, layihələrin hesabatlı olmadığını deyirlər. Azərbaycanın beynəlxalq korrupsiya reytinqi də aşağıdır.