Azərbaycanda mülki pilotsuz uçuş aparatlarına (PUA) nəzarət gücləndiriləcək və bu sahədə ciddi yoxlamalar aparılacaq. Yerli mətbuatın məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 4-də keçirilən iclasında müzakirəyə çıxarılan "Aviasiya haqqında" qanun layihəsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Yeni layihəyə əsasən, avtonom pilotsuz uçuş aparatları yalnız dövlətin müəyyən etdiyi xüsusi qaydalar çərçivəsində və ayrılmış xüsusi coğrafi zonalarda uça bilər.
Bundan əlavə, layihəyə görə, mülki təyinatlı avtonom pilotsuz uçuş aparatlarının dövriyyəsi yalnız xüsusi icazə əsasında mümkün olacaq.
Dəyişiklik layihələri cəmiyyətdə azadlıqlar baxımından müəyyən tənqidlərə səbəb olub. Əslində, Azərbaycanda PUA-ların idxalı və onlardan istifadə olunması ilə bağlı narazılıqlar əvvəllər də mövcud idi. Bir neçə il əvvəl bloqer Mehman Hüseynov silsilə korrupsiya araşdırmalarını məhz bu səbəbdən dayandırmağa məcbur olduğunu bəyan etmişdi. O, çəkiliş apardığı dronun polis tərəfindən müsadirə edildiyini bildirmişdi. Hüseynovun sözlərinə görə, hüquq-mühafizə orqanları cihazın ölkəyə qanuni yolla gətirildiyi təqdirdə geri qaytarılacağını vəd etmişdi. Daxili İşlər Nazirliyi isə mediaya açıqlamasında məsələnin araşdırıldığını bildirsə də, yekun nəticə rəsmən açıqlanmayıb.
Hələ həmin dövrdə hüquqşünaslar ölkəyə dronların gətirilməsi və istifadəsi üçün elektron formada beş fərqli dövlət qurumundan icazə alınmasının zəruri olduğunu bildirirdilər: Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və Müdafiə Nazirliyi.