Prokurorluq Rusiya-Ukrayna müharibəsində iştirakla bağlı xəbərdarlıq edib

Sizin brauzer HTML5-i dəstəkləmir

Ukrayna azərbaycanlı 'Vaqner'çilərin siyahısını Bakıya verib: Onları nə gözləyir?

Azərbaycan Baş Prokurorluğu bu gün, dekabrın 29-da Rusiya-Ukrayna müharibəsində iştirakla bağlı vətəndaşlara xəbərdarlıq edib.

Vurğulanır ki, son dövrlər hüquq-mühafizə orqanlarının apardığı araşdırmalar və mediada yayılan məlumatlara əsasən, Rusiya ilə Ukrayna arasında hərbi əməliyyatlarda, eləcə də digər silahlı münaqişələrdə Azərbaycanın bəzi vətəndaşlarının da iştirak etməsi halları müşahidə olunur: "Təəssüflə qeyd edirik ki, bu döyüşlər nəticəsində həlak olan, ağır yaralanan, habelə əsir düşən vətəndaşlarımız var".

Qurum əlavə edir ki, xarici dövlətlərin ərazisindəki silahlı münaqişələrdə iştirak bəzi hallarda xüsusilə ağır cinayətdir: "...Bu əməllərə görə müəyyən müddətə (8 ildən 20 ilədək) və ya ömürlük azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulur".

Bildirilir ki, artıq bu növ fəaliyyətlərlə məşğul olan bir neçə vətəndaş barəsində Azərbaycanın aidiyyəti hüquq-mühafizə orqanları cinayət işləri başlayıblar. "Bəzi işlər üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib və həmin şəxslər uzunmüddətli azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar. Bu kateqoriyadan olan digər cinayət işləri üzrə isə hazırda ibtidai istintaq davam etdirilir", - məlumatda əlavə edilir.

Xatırlatma

Azərbaycanın və keçmiş SSRİ-nin müttəfiq respublikalarının daxil olduğu Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv bir çox ölkələrdə də Rusiya-Ukrayna müharibəsində iştirak edən vətəndaşları ilə bağlı cinayət işləri açılır. Azərbaycanda bəzi təhlilçilər Qazaxıstan kimi ölkələrdə ötən il Ukraynada Rusiyanın tərəfində döyüşməkdə şübhəli bilinən ölkə vətəndaşları ilə bağlı çoxlu sayda cinayət işlərinin açılmasına diqqət çəkərək Azərbaycan hüquq-mühafizə qurumlarını da eyni addımları atmağa səsləyirdilər.

Rusiya 2022-ciil fevralın 24-də Ukraynaya geniş miqyaslı təcavüzə başlayıb. Hər iki tərəfdən bir neçə yüz min insanın həlak olduğu, təkcə Ukraynadan bir neçə milyon insanın didərgin düşdüyü bildirilir.