Sabirabad xəstəxanasının şöbə müdiri hakim qarşısına çıxarılacaq

Sabirabad rayon Mərkəzi Xəstəxanası

Baş Prokurorluq bildirir ki, saxta diaqnozlarla və tibbi müayinədən keçirilmədən əlilliyin verilməsi əvəzində rüşvət almaqda şübhəli sayılan vəzifəli şəxslər barədə ibtidai istintaq tamamlanıb.

Rəsmi açıqlamada söhbət, əsasən, Sabirabad rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin müdiri və Həkim məsləhət komissiyasının üzvü olmuş Əlişir Əliyevdən gedir. Vurğulandığına görə, onun "e-tabib" sisteminə tibbi diaqnozlara dair yalan məlumatlar daxil edib Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərmək müqabilində xəstəlikdən əziyyət çəkməyən şəxslərdən rüşvət almasına şübhələr yaranıb: "Əlişir Əliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2, 311.3.3 (təkrarən və külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib, ...barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib".

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İttihama Ə.Əliyev və ya onun vəkilindən münasibət almaq mümkün olmayıb. Həmin maddələrlə şəxsə 12 ilə qədər həbs cəzası verilə bilər.

Xatırlatma

Rəsmilərin bildirməsinə görə, son illər ölkədə bir neçə yüz min saxta əlillik dərəcəsi ləğv edilib. Onlar bunu əlilliyin təyin edilməsində yol verilən pozuntuların aradan qaldırılması ilə izah edirlər. Amma bəzi şikayətlərə görə, bu proses zamanı "qurunun oduna yaş da yanır", haqlı yerə əlillik dərəcəsi almış insanlar bundan məhrum edilirlər. Üstəlik, ekspertlərin fikrincə, son illər Azərbaycanda əlillik dərəcəsi almaq qanunvericilikdə də çətinləşdirilib. Onlar bunu ölkəyə gələn neft pullarının azalması, hökumətin "qənaət" tədbirləri ilə əsaslandırırlar.