Problemli kreditlər artıb, icra məmurlarının səlahiyyətləri genişləndirilir

Sizin brauzer HTML5-i dəstəkləmir

Problemli kreditlər azalmır, artır

Azərbaycanda bank borclarını vaxtında ödəməyənlərə qarşı tədbirlərin sərtləşdirilməsi gözlənilir. Qanunvericiliyə dəyişiklik edilərək icra məmurlarının səlahiyyətlərinin genişləndirilməsi nəzərdə tutulur.

Bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunacaq "Dövlət icra məmurları haqqında" Qanuna dəyişikliklər layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, icra məmuru tələbi borclunun hesabındakı pul vəsaitlərinə, qiymətli əşyalarına, habelə bank və digər kredit təşkilatlarındakı əmanətlərinə yönəldə bilər.

Layihədə isə tələbin dairəsinin genişləndirilməsi təklif olunur. Yeni sənədə əsasən, icra məmuru tələbi borclunun əmlakına, o cümlədən nağd vəsaitlərinə, bank, digər kredit və ya elektron pul təşkilatlarındakı hesab və əmanətlərinə, habelə saxlancda olan pul vəsaitlərinə yönəldə biləcək.

Ekspertlər bu dəyişiklikləri birmənalı dəyərləndirmirlər. Bir qrup ekspert hesab edir ki, icra məmurlarının səlahiyyətlərinin genişləndirilməsi icra prosesinin ümumi effektivliyini artırmağa xidmət edir. Onların fikrincə, əsas məqsəd bank borclarının qaytarılmasını daha operativ və real mexanizmlərlə təmin etməkdir. Xüsusilə, elektron pul hesablarına çıxış imkanı müasir maliyyə sisteminə uyğun addım kimi qiymətləndirilir.

Digər qisim ekspertlər isə hesab edir ki, bu addımlar bank borcu olan şəxslərə qarşı tədbirlərin hədsiz sərtləşdirilməsinə xidmət edir. Onların qənaətincə, icra məmurlarının səlahiyyətlərinin bu dərəcədə genişləndirilməsi sui-istifadə risklərini də özü ilə gətirir. Tənqidçilər vurğulayırlar ki, hökumət əhalinin sosial rifahını yaxşılaşdırmaq və borc yükünü azaltmaq əvəzinə, daha çox cəza mexanizmlərini gücləndirmək yolunu tutur.

Həmin ekspertlər xatırladırlar ki, Azərbaycanda bank faizləri bir çox ölkələrlə müqayisədə hədsiz dərəcədə yüksəkdir.

Mərkəzi Bankın məlumatına görə, 2026-cı il martın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 562 milyon manat təşkil edib. Bu göstərici fevralın 1-i ilə müqayisədə 0.8 faiz artıb.

Son bir ildə isə problemli kreditlərin məbləği 17 faiz çoxalıb.