Azərbaycanda problemli kreditlərin artımı sürətlənib

Sizin brauzer HTML5-i dəstəkləmir

Problemli kreditlər azalmır, artır

Bu il aprelin 1-nə ölkə banklarında vaxtı keçmiş kreditlərin məbləği 619.6 milyon manat təşkil edib.

Mərkəzi Bankın məlumatına görə, bu, martın 1-i ilə müqayisədə 10.25 faiz çoxdur. Ölkədə vaxtı keçmiş kreditlərin məbləği ilin əvvəlindən bəri 18.1 faiz, son bir ildə isə 28.65 faiz artıb.

Rəsmilər bu artımı hələlik şərh etməyiblər. Bununla belə, hazırda qanunvericilikdə bank borclarını vaxtında ödəməyənlərə qarşı tədbirlər sərtləşdirilir.

Müstəqil ekspertlər isə problemli kreditlərin artmasını ölkə vətəndaşlarının maddi durumunun getdikcə pisləşməsi kimi izah edirlər.

Xatırlatma

Azərbaycanda 2015-ci ildə iki devalvasiya baş vermiş, manat iki dəfədən çox dəyər itirmişdi. Onda problemli kreditlərin 2 milyard manata yaxınlaşdığı açıqlanmışdı. 2019-cu il fevralın 19-da isə prezident fiziki şəxslərin xarici valyutada olan problemli kreditlərinin həlli ilə bağlı fərman verdi. Onda 10 min dollara qədər kredit götürən fiziki şəxslərin borclarında 2015-ci ildə baş vermiş devalvasiyalardan sonra yaranmış fərq dövlət hesabına ödənildi. Bundan sonra problemli kreditlər azaldı. Amma 2021-ci ilin əvvəlində yenidən vaxtı keçmiş kreditlərin artdığı açıqlanmışdı. Bu, onda koronavirus pandemiyası ilə izah edilirdi. 2022-ci ildə isə yenidən problemli kreditlərin azaldığı vurğulanırdı. Lakin bu ildən əks proses müşahidə edilir.