Bu ilin oktyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 871.1 mln. manat təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.
Qurumun hesabatına görə, bu göstərici son bir ayda 3.7 faiz azalıb. Açıqlamaya görə, problemli kreditlər bütöv kredit portfelinin 5.6 faizinə bərabərdir. AMB-dən bildirildiyinə görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 18.6, ilin əvvəli ilə müqayisədə isə 2.5 faiz azalıb.
Azərbaycanda 2015-ci ildə iki devalvasiya baş verib, manat iki dəfədən çox dəyər itirib. Onda problemli kreditlərin 2 milyard manata yaxınlaşdığı açıqlanmışdı. 2019-cu il fevralın 19-da isə prezident fiziki şəxslərin xarici valyutada olan problemli kreditlərin həlli ilə bağlı fərman verdi. Onda 10 min dollara qədər kredit götürən fiziki şəxslərin borclarında 2015-ci ildə iki dəfə baş vermiş devalvasiyalardan sonra yaranmış fərq dövlət hesabına ödənildi. Bundan sonra problemli kreditlər azaldı. Amma bu ilin əvvəlində yenidən bu kreditlərin artdığı açıqlanmışdı. Bu, onda koronavirus pandemiyasi ilə izah edilirdi.