Bəzi hərbi qulluqçular təltif edildi 

General Polad Həşimovun dəfni

Prezident İlham Əliyev dekabrın 9-da 3 hərbi qulluqçuya “Azərbaycanın Milli Qəhrəmanı” adı verib

Milli Qəhrəmanı adı alanlar bu hərbi qulluqçulardır:

“Həşimov Polad İsrayıl oğlu – general-mayor (ölümündən sonra)

Mirzəyev İlqar Anzor oğlu – polkovnik (ölümündən sonra)

Hüseynov İbad Mövsüm oğlu – ehtiyatda olan baş çavuş”

Başqa təltif edilənlər

Prezident İlham Əliyev həmçinin, 80-dən çox hərbi qulluqçuya da “Vətən Müharibəsi Qəhrəmanı” adı verib.

Həmin adı alan hərbi qulluqçulardan da bəziləri həlak olub.

Daha bir çox hərbi qulluqçuya isə “Zəfər” və “Qarabağ” ordenləri verilib.

Azərbaycan Müdafiə Nazirliyi dekabrın 3-də bildirmişdi ki, 44 günlük müharibədə bu ölkənin silahlı qüvvələrinin 2 min 783 nəfər hərbi qulluqçusu həlak olub.

100 nəfərdən artıq hərbçinin itkin düşmüş hesab olunduğu, 1245 nəfərin isə tibb müəssisələrində müalicəsinin davam etdiyi bildirilib.

Həmin müharibədə 94 mülki şəxsin də həlak olduğu, 400-dən çoxunun isə yaralandığı açıqlanmışdı.

Amma “Azərbaycanın Milli Qəhrəmanı” adı alanlardan Polad Həşimov bu 44 günlük müharibədən bir qədər öncə, atəşkəsin pozulması nəticəsində bu il iyulun 14-də həlak olmuşdu.

Buna da bax: 'Onlara nə ödənilsə belə azdır'

Xatırlatma

Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı.

Azərbaycan bildirir ki, noyabrın 9-u döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni, Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib. Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb.

Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Hazırda keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin yarıdan çoxunun Azərbaycanın separatçı saydığı qüvvələrin və Rusiya sülhməramlılarının nəzarətində olduğu bildirilir.

Muasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər ( Birinci Qarabağ savaşında) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.