Azərbaycan Prezidenti İlham Əliyev iyulun 27-də Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop-un başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC-ın xəbərinə görə, görüşdə Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyətinin Şuşaya edəcəyi səfərin önəminə toxunulub.
Habelə, Bakıda iyulun 27-də keçiriləcək Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin birinci üçtərəfli görüşünün önəmi qeyd edilərək bildirilib ki, bu görüş üç ölkə arasında mövcud olan birliyi nümayiş etdirir.
Məlumata görə, söhbət zamanı üç ölkə arasında əməkdaşlığın geniş mənada Avrasiyada yeni işbirliyi çərçivələri formalaşdırdığı bildirilib.
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun və Pakistan İslam Respublikasının Milli Assambleyasının sədri Əsəd Qeysərin başçılıq etdikləri nümayəndə heyətləri iyulun 26-da Azərbaycana gəlib.
Bu gün, iyulun 27-də Bakıda Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin toplantısı olmalıdır.Orada bu üç ölkənin əməkdaşlığına dair Bakı Bəyannaməsinin imzalanması gözlənir.
2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Şuşa şəhəri daxil Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.