Prezident: 'Məktəbləri yandırırlar, apara bilmədikləri...'

Prezident İ.Əliyev xalqa müraciət edib. 25 noyabr 2020

Azərbaycan prezidenti İlham Əliyev bu gün, noyabrın 25-də Kəlbəcər rayonunun işğaldan azad edilməsi münasibəti ilə xalqa müraciət edib.

"Bu gün Kəlbəcər rayonu işğaldan azad olundu. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm", - o, çıxışının əvvəlində qeyd edib.

Prezident vurğulayıb ki, Kəlbəcər rayonunda 24 min hektar meşə ərazisi var. Amma onun sözlərinə görə, bu meşələri qırıb, talayıb, satıblar: "...Meşələri yandırırlar ki, ekoloji faciə, fəlakət yaratsınlar".

"Məktəbləri yandırırlar, apara bilmədikləri ev heyvanlarını öldürürlər"

İ.Əliyev deyib ki, boşaldılmazdan əvvəl evləri də yandırıblar: "Hansı ki, o evləri onlar tikməyiblər. Onlar kəlbəcərlilərin evlərinə giriblər, soxulublar, orada yaşayıblar. Məktəbləri yandırırlar, apara bilmədikləri ev heyvanlarını öldürürlər".

"Kəlbəcərdə kənd təsərrüfatı inkişaf edəcək, xüsusilə heyvandarlıq"

Prezident əlavə edib ki, Kəlbəcər bərpa ediləcək: "Heç kimin şübhəsi olmasın və həyat qayıdacaq. Kəlbəcərdə kənd təsərrüfatı inkişaf edəcək, xüsusilə heyvandarlıq. Bizim orada böyük otlaq sahələrimiz var. Kəlbəcərin zəngin təbii qaynaqları, təbii ehtiyatları var".

Dövlət başçısı qeyd edib ki, vaxtilə böyük kurort zonası olan İstisu da bərpa olunacaq.

Sizin brauzer HTML5-i dəstəkləmir

Kəlbəcərlilər: 'Yandırılan evləri TV-də görəndə tanıdıq'

Dəmir yolları…

İ.Əliyevin sözlərinə görə, dəmir yolları da yenidən qurulacaq: "O cümlədən, Naxçıvan Muxtar Respublikasına gedən dəmir yolunun bərpası ilə əlaqədar artıq ilkin göstərişlər verilmişdir. Bərdə-Ağdam dəmir yolunun bərpası ilə əlaqədar artıq praktiki addımlar atılmışdır".

Prezident daha sonra da deyib: "Biz Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını, Murovdağı, Suqovuşanı, Hadrutu, Xocavənd rayonunun böyük hissəsini və Şuşanı hərbi yollarla azad etdik".

Onun sözlərinə görə, Ermənistan məğlub edilmiş, Azərbaycan isə zəfər çalmış ölkədir.

Xatırlatma

Sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Sizin brauzer HTML5-i dəstəkləmir

Ağdam bu vəziyyətdə qaytarılır

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək, üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

Noyabrın 20-də Azərbaycan ordusu razılaşmaya uyğun olaraq Ağdam rayon mərkəzinə daxil olub. Bu gün, noyabrın 25-də isə Kəlbəcər rayonu işğaldan azad edilib. Bu rayon isə ilkin razılaşmaya görə, əslində, noyabrın 15-də boşaldılmalıydı. Sonradan bu, 10 gün uzadıldı.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.