'Super çərşənbə axşamı'nda Bayden və Tramp qalib gəliblər

D.Tramp/C.Bayden

Martın 5-də ABŞ-ın 15 ştatında ilkin partiya seçkiləri keçirilib. Praymeriz seçkilərində Demokratlar və Respublikaçılar partiyalarından prezidentliyə mümkün namizədlər mübarizə aparırlar.

İlkin nəticələrə görə, 15 ştatdan 13-də Respublikaçılar partiyasından qalib eks-prezident Donald Tramp (Donald Trump) olub. Onun rəqibi, Cənubi Karolina ştatının keçmiş qubernatoru, ABŞ-ın BMT-dəki keçmiş səfiri Nikki Heyli (Nikki Haley) isə yalnız Vermont ştatında qalib gəlib. Alyaskada səsvermənin nəticələri şərqi Amerika vaxtı ilə səhər bilinəcək.

İkinci müddətə prezidentlik uğrunda mübarizə aparan indiki prezident Co Bayden (Joe Biden) səsvermə keçirilən ştatların hamısında qələbə qazanıb. Onun isə nominasiya uğrunda ciddi rəqibi yoxdur.

Tramp və Baydenin çağırışları

"Super çərşənbə axşamı" bir neçə aylıq praymeriz prosesində vacib hadisə sayılır. Bir qayda olaraq, həmin gün iki əsas partiyadan prezidentliyə kimin namizəd olacağı aydınlaşır. N.Heyli üçün uğursuz nəticə praktik olaraq D.Trampın respublikaçılardan prezidentliyə nominant olmasını təmin edir.

Praymerizin nəticələrini şərh edən Tramp respublikaçıları birləşməyə çağırıb: "Biz birləşməliyik və bu, çox tez baş verəcək".

Bayden isə seçiciləri demokratiyanın müdafiəsinə qalxmağa çağırıb: "Amerikalıların hər bir nəsli üçün demokratiyanın müdafiəsinə qalxmaq vacibdir. Şəxsi azadlıqlarımızın müdafiəsinə qalxmaq. Bizim vaxtımız çatıb. Birlikdə qalib gələcəyik".